Bakı, 5 mart, AZƏRTAC
Martın 5-də IBM şirkəti  (International Business Machines) Bakıda yeni ofisini açıb.
AZƏRTAC xəbər verir ki, yeni ofis Nizami küçəsi, 96E ünvanı, “Landmark 1” biznes mərkəzində yerləşir. Yeni ofis müştərilərə bulud texnologiyalarının, analitika, mobil və sosial texnologiyaların mənimsənilməsi ilə bağlı xidmətlər göstərəcək.
IBM şirkətinin Azərbaycanda fəaliyyət göstərən müştəriləri sırasında informasiya texnologiyaları, bank, dövlət sektoru, telekommunikasiya və istehsalat təmsil edən şirkətlər var. Bunların sırasında Azərbaycan Beynəlxalq Bankı, “Azərsun Holding”, “Azəricard” mövcuddur.
Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, IBM bir çox ilklərə imza atmış şirkətdir. Fərdi kompyuterlərin ilk yaradıcısı da IBM şirkəti hesab olunur. IBM şirkətinin ölkəmizdə fəaliyyətə başlaması Azərbaycanın İKT sahəsində gördüyü işlərə təkan verəcək. Ümid edirəm ki, IBM ali məktəblərlə də əməkdaşlıq edərək öz töhfəsini verəcək.