Qarsda “İnsanlıq abidəsi” heykəlinə “əcaib” (“ucube”) dediyi üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 10 min türk lirəsi təzminat ödəyəcək. “Kulis”in türk mətbuatına istinadən verdiyi məlumata görə bu barədə Türkiyə məhkəməsi qərar verib.

 

2011-ci il Qars səfəri zamanı o dövrdə baş nazir olan Ərdoğan abidəni “ucube” adlandırmışdı. Bundan sonra xalqlar dostluğuna həsr olunmuş abidənin müəllifi olan heykəltəraş Məhmət Aksoy Ərdoğanı məhkəməyə verərək 100 min türk lirəsi həcmində təzminat tələb etmişdi. Məhkəmə qadın hakimi isə təzminatı 10 min türk lirəsi məbləğində müəyyənləşdirərək heykəltəraşın xeyrinə qərar verib.

 

Qərar sevindiyini bildirən heykəltəraş deyib ki, bu addımı sənətin və sənətkarın şərəfinin qorunması kimi qiymətləndirir: “Mənə və sənətə qarşı haqsızlıq olub. Bu qərar bizə, sənət adamlarına, sənətə, xüsusilə də heykələ qarşı bütün dünyada formalaşmış münasibəti dəyişdi. Bir neçə adamın incəsənət haqqında məlumatı olmadığına görə biz taliban ya İŞİD kimi ola bilmərik. Türkiyə buna layiq deyil.

 

Heykəltəraş alacağı təzminatı dostları ilə Novruz şənliklərinə xərcləyəcəyini əlavə edib.