Bakı, 4 mart, AZƏRTAC
İtaliya alimləri ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində tədqiqatlar aparmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutuna (GGİ) əməkdaşlıq təklif ediblər. Neft və qaz çıxarılan yerlərdə tədqiqatlar aparılması, çirklənmiş dəniz və içməli suların tərkibinin öyrənilməsi barədə razılığa gəlinib. Bu məqsədlə İtaliyanın Salerno Universitetinin Sanitar Ətraf Mühit üzrə Mühəndislik Bölməsinin professoru Vinçenzo Nadeo və Sənaye Mühəndisliyi Bölməsinin əməkdaşı, fəlsəfə doktoru Françesko Vileko GGİ-də olublar.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, qonaqlar GGİ-nin elmi-texniki imkanları, elmi-tədqiqat nəşrləri və prioritet fəaliyyət istiqamətləri ilə maraqlanıblar. Qurumun neftin geokimyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Qalina Martinova bildirib ki, GGİ elmi nəticələrin istehsalatda tətbiqi istiqamətində imkanlarını təkmilləşdirir. İnstitutun Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzinə “S8 TIGER” rentgenspektrometri, “JEOL MS 6610LV” skaynerli elektron mikroskopu, “Rigaku Miniflex 600” rentgendifraktometri, “Agilent technologies 200 series AA” atom absorbsiyası və “Agilent technologies 7700 e ICP-MS” analizatorları alınıb. Bu avadanlıq mineral xammal, süxur, filiz, metal və ərintilərin, həmçinin torpaq, dib çöküntüləri, sement, şüşə və daşların tərkibində mikroelementləri müəyyən edə bilir. Eyni zamanda, onların vasitəsi ilə istənilən qeyri-üzvi bərk və maye maddələrin, içməli və texniki suların kimyəvi tərkibini, o cümlədən neft və neft məhsullarındakı metalların mikrokomponentlərini təyin etmək mümkündür. Sözügüdən elmi-texniki vəsaitlər ABŞ, Almaniya və Yaponiyada istehsal edilib və ekoloji problemlərin tədqiqində xüsusi əhəmiyyətlidir. Analitik Cihaz və Avadanlıqlardan Kollektiv İstifadə Mərkəzi Azərbaycanda belə imkanları özündə cəmləşdirən yeganə laboratoriyadır. Burada magistrlərə müvafiq istiqamətlərdə dərslər də keçirilir.
V.Nadeo Salerno Universitetindəki təhsil proqramları və elmi tədqiqat sahələrindən danışıb, elmlə təhsilin vəhdətdə inkişafından bəhs edib. İtliyalı alimlər azərbaycanlı həmkarları ilə əməkdaşlıq üçün universitetdəki şəraiti əyani vəsaitlərlə təsvir ediblər. Bildiriblər ki, təmsil etdikləri qurum yeni elmi texnologiyaların əldə olunmasına və ətraf mühitin qlobal problemləri üzrə tədqiqatlarda tətbiqinə çalışır. GGİ-nin əməkdaşlarına bu sahədə müştərək tədqiqatların hədəflərini müəyyənləşdirmək təklif olunub. Konkret tədqiqat istiqamətlərindən əlavə, təcrübə mübadiləsi barədə də razılığa gəlinib. Nəzərdə tutulan təşəbbüslərin reallaşdırılması məqsədi ilə yaxın vaxtlarda memorandumun imzalanması gözlənilir.