Bu gün paytaxtda Bakı Biskvit Zavodunun yaxınlığında yerləşən istifadəsiz istixananın 75 metr hündürlüyündəki dəmir-beton konstruksiyalı borunu sökmək istəyən 3 fəhlə nərdivanın qırılması nəticəsində çıxılmaz vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal FHN-in xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, üç nəfər - Axundov Telman Əliyusif oğlu, onun qardaşı Şamo Axundov Əliyusif oğlu və Cəbrayılov Elton Əlibala oğlu sökülməkdə olan və hündürlüyü təqribən 75 metr olan dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas edib.

Mənbə
ANS PRESS