Gəncə, 4 mart, AZƏRTAC
Martın 4-də Gəncədəki Olimpiya İdman Kompleksində İran İslam Respublikası şirkətlərinin istehsal etdikləri məhsullardan ibarət birinci ticarət-sənaye sərgisinin açılışı olub. Sərgi Ərdəbil əyalətinin Beynəlxalq Sərgilər Şirkətinin təşəbbüsü ilə keçirilir.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində Beynəlxalq Sərgilər Şirkətinin təmsilçisi Mirəyyub Təqvatələb çıxış edərək, sərgidə Ərdəbildən başqa, Qərbi və Şərqi Azərbaycan əyalətlərindən, eləcə də Tehran, İsfahan, Əlborz, Məşhəd və digər bölgələrdən 50-dən artıq şirkətin sənaye və ərzaq məhsullarını sərgilədiyini bildirib.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin sərginin açılışını ölkələrimiz arasında gündən-günə inkişaf edən dostluq və qardaşlıq, qarşılıqlı əməkdaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirib. Qeyd edib ki, bu sərgi nəinki Azərbaycan ilə İran arasında, eləcə də bölgələrimiz arasında iş birliyinin qurulmasında böyük əhəmiyyət daşıyacaq.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev isə bu yaxınlarda İranın Təbriz şəhərinə etdiyi səfərdən və orada keçirdiyi görüşlərdən danışıb. Görüşlərdə maraq doğuran məsələlər ətrafında faydalı müzakirələr aparıldığını vurğulayan E.Vəliyev bildirib ki, iki qədim şəhərin - Gəncə ilə Təbrizin qardaşlaşması haqqında memorandum da imzalanıb. Yaxın vaxtlarda Təbrizdə Gəncə günlərinin, Gəncədə isə Təbriz günlərinin keçirilməsi qərara alınıb.
Sonra sərginin açılışı olub.
Beş gün davam edəcək sərgi çərçivəsində Gəncənin, eləcə də bölgənin iş adamları ilə əməkdaşlıq haqqında müqavilələrin bağlanması da nəzərdə tutulub.



