Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Ekologiya işçi qrupu “Tullantıların idarə olunması: dünya təcrübəsi və Azərbaycanda görülmüş işlər” mövzusunda elmi proqram layihəsinin ilk seminarını keçirib.
ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, seminarda ekspert qismində “Təmiz Şəhər” ASC-nin nümayəndəsi ətraf mühit və əməyin mühafizəsi şöbəsinin müdir müavini Səbuhi Babayev iştirak edib.
İnteraktiv seminar zamanı tələbələri maraqlandıran bir sıra vacib məsələlərə toxunulub. İlk seminarda tullantılardan düzgün istifadə üzrə ölkəmizin və xarici dövlətlərin təcrübəsi, tullantıların çeşidlənməsinin əhəmiyyəti və nəticələri, Azərbaycanda mövcud təcrübə və ölkəmizdə yaxın gələcəkdə planlaşdırılan layihələr haqqında məlumat verilib.
Bundan əlavə, çirklənən ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər, tullantıların yerləşdirilməsinin və utilizasiyasının müasir standartlara cavab verən şəkildə qurulması və idarə olunması, tullantıların təkrar emal prosesi və enerji istehsalının əhəmiyyəti müzakirə edilib.