"Azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnam kinosunun formalaşmasında və beynəlxalq səviyyədə tanınmasında mühüm rol oynayıb. Onun rəhbərliyi ilə ərsəyə gələn filmlər Vyetnam kinosunun ilk uğurlarına imza atıb".

Bu fikirləri Metbuat.az-a Vyetnam Film İnstitutunun direktoru Le Ti Ha Azərbaycan Kinosu Günü çərçivəsində keçirilən tədbirdə səsləndirib.

Le Ti Ha bildirib ki, Əjdər İbrahimovun rəhbərliyi ilə çəkilən “Ağgöz quş”, “Payızın ilk günü” və “İki əsgər” filmlərindən ikisi 1962-ci ildə Karlovi Vari Beynəlxalq Film Festivalında mükafatlandırılıb.

Onun sözlərinə görə, azərbaycanlı rejissor Vyetnamdan ayrıldıqdan sonra da bu ölkə ilə bağlılığını qoruyub. İbrahimov Vyetnam haqqında daha üç əsər yazıb. Həmin əsərlərdən biri 2026-cı ildə Vyetnam dilində nəşr olunub və may ayında Hanoyda Vyetnam Film İnstitutunda təqdim edilib.

Le Ti Ha qeyd edib ki, Əjdər İbrahimovun fəaliyyəti Azərbaycan-Vyetnam kino əlaqələrinin tarixində xüsusi əhəmiyyət daşıyır.