Abşeron yarımadasının ən prestijli yaşayış məntəqələrindən hesab olunan Mərdəkan son illər Azərbaycanın daşınmaz əmlak bazarında ən fəal aktorlardan birinə çevrilib. Vaxtilə əsasən yay istirahəti üçün seçilən qəsəbə artıq ilboyu yaşayış üçün nəzərdə tutulan lüks villaların cəmləşdiyi elit yaşayış zonasına çevrilib.

Metbuat.az xəbər verir ki, bu gün Mərdəkanda qiyməti 500 min manatdan başlayaraq 1-2 milyon manatı, bəzi hallarda isə daha yüksək məbləğləri keçən villalar alıcı qıtlığı yaşamır.

Əmlak bazarı üzrə mütəxəssislər hesab edirlər ki, Mərdəkanın cəlbediciliyi təsadüfi deyil. Qəsəbənin Heydər Əliyev Beynəlxalq Hava Limanına və Bakı şəhərinin mərkəzinə rahat nəqliyyat əlaqəsi, dənizə yaxınlığı, əlverişli mikroiqlimi və yaşıllıqla zəngin əraziləri burada torpaq sahələrinin dəyərinin ildən-ilə artmasına səbəb olur. Bundan əlavə, yeni tikilən villaların əksəriyyəti müasir memarlıq üslubunda inşa edilir, “smart home” texnologiyaları, isitmə sistemli hovuzlar, landşaft dizaynı və yüksək təhlükəsizlik həlləri ilə təchiz olunur.

Bəs bu qədər bahalı villaları kimlər alır?

Bazar iştirakçılarının müşahidələrinə görə, əsas alıcı qrupunu iri sahibkarlar, şirkət rəhbərləri və yüksək gəlirli biznes nümayəndələri təşkil edir. Onlar üçün Mərdəkanda villa almaq yalnız yaşayış yeri əldə etmək deyil, həm də sosial statusun göstəricisidir. Bu kateqoriyaya aid alıcılar əsasən 8-15 sot torpaq sahəsində tikilmiş, geniş həyəti, hovuzu, qapalı qarajı və yüksək təhlükəsizlik sistemləri olan villalara üstünlük verirlər.

Premium seqmentdə diqqət çəkən digər alıcı qrupu xaricdə yaşayan azərbaycanlı iş adamlarıdır. Rusiya, Türkiyə, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə fəaliyyət göstərən sahibkarlar əldə etdikləri kapitalın bir hissəsini Azərbaycanda daşınmaz əmlaka yatırırlar. Onlar üçün Mərdəkandakı villa həm etibarlı investisiya, həm də yay aylarında ailəvi istirahət üçün əlverişli məkandır.

İnvestisiya məqsədilə alış edənlərin sayı da az deyil. Əmlak bazarında fəaliyyət göstərən şirkətlər bildirirlər ki, Mərdəkanda lüks villaların gündəlik və mövsümi icarəsi yüksək gəlir vəd edir. Yay mövsümündə hovuzlu və tam təmirli villaların gündəlik icarə haqqı təxminən 350-1000 manat arasında dəyişir. Bu səbəbdən bir çox investor hazır villaları alaraq onları gəlir gətirən icarə obyektinə çevirir.

Son illərdə müşahidə olunan başqa bir tendensiya isə “ikinci ev” konsepsiyasının geniş yayılmasıdır. Şəhərin səs-küyündən və ekoloji gərginliyindən uzaqlaşmaq istəyən imkanlı ailələr Bakıdakı mənzillərini saxlasalar da, daimi yaşayış üçün Mərdəkanı seçirlər. Xüsusilə pandemiya dövründə güclənən bu meyl hazırda da davam edir.

Daşınmaz əmlak portallarında yerləşdirilən elanlar da bazarın yüksək aktivliyini təsdiqləyir. Əsasən standart modern villalar 300-500 min manat aralığında satışa çıxarılır. Daha böyük torpaq sahəsində yerləşən, dəniz mənzərəli və neoklassik üslubda inşa edilən lüks villaların qiyməti isə 650 min manatdan başlayır, bəzi hallarda 1-1,5 milyon ABŞ dollarına qədər yüksəlir.

Alıcıların seçimində bir neçə amil xüsusilə ön plana çıxır. Çıxarışın olması, peşəkar landşaft dizaynı, filtrasiya sistemli hovuz, yay mətbəxi, “smart home” texnologiyası və elit qonşuluq premium seqmentdə ən çox tələb olunan xüsusiyyətlər hesab edilir. Eyni zamanda bazarda “açar təhvil” konsepsiyasında satışa çıxarılan tam təmirli villalara maraq daha yüksəkdir. Alıcıların əksəriyyəti əlavə vaxt və xərc sərf etmədən istifadəyə hazır evlərə üstünlük verir.

Buradan belə bir nəricəyə gəlmək olar ki, Mərdəkan artıq yalnız yay mövsümündə üz tutulan bağ qəsəbəsi deyil. Bu ərazi son illər Bakının ən prestijli və dəyəri davamlı artan daşınmaz əmlak bazarlarından birinə çevrilib. Premium villalara tələbin yüksək qalması isə Mərdəkanın yaxın illərdə də investisiya baxımından cəlbedici ünvanlardan biri olacağını göstərir.