İspaniya hökuməti Şimali Afrikadakı ərazisi Seuta şəhərində təhlükəsizliyi gücləndirmək üçün bölgəyə qoşun göndərib.

Metbuat.az xəbər verir ki, qərar Mərakeşdən minlərlə miqrantın dəniz yolu ilə Seutaya keçməyə çalışmasından sonra verilib. Keçid cəhdi zamanı azı 15 nəfərin boğularaq öldüyü bildirilib.

Məlumata görə, yerli hakimiyyət orqanları son günlər miqrant axınının artması ilə əlaqədar Madriddən yardım istəyib. İspaniya Daxili İşlər Nazirliyi insan alveri şəbəkələrini miqrant axınını artırmaqda günahlandırıb. Nazirliyin məlumatına görə, Silahlı Qüvvələr təhlükəsizliyin təmin olunmasında Mülki Qvardiyaya dəstək verəcək.

Qeyd edək ki, Mərakeş sahillərində yerləşən Seuta uzun illərdir Avropaya keçmək istəyən miqrantların əsas istiqamətlərindən biri hesab olunur. Ötən həftə minlərlə miqrant sərhəd ərazisindən dənizə daxil olaraq İspaniya sahillərinə çatmağa çalışıb. Yüzlərlə qaçqının sərhədi keçdiyi iddia edilir.