Dünyada milyonlarla insanın sevimli məşğuliyyəti olan qarmaqla balıqçılıq ABŞ-də peşəkar idman növü və böyük gəlir gətirən sənayeyə çevrilib. Bu sahənin ən parlaq simalarından biri olan amerikalı peşəkar balıqçı Kevin VanDam qazandığı uğurlarla həm idman tarixində, həm də maliyyə baxımından rekordlara imza atıb.

Metbuat.az xəbər verir ki, karyerası ərzində iştirak etdiyi turnirlərdən ümumilikdə 6,67 milyon avro (təxminən 7,2 milyon dollar) pul mükafatı qazanan VanDam peşəkar idman balıqçılığı tarixində ən çox mükafat əldə edən balıqçı hesab olunur. O, 1990-cı ildə peşəkar karyerasına başlayıb, dəfələrlə ilin ən yaxşı balıqçısı seçilib və “Bassmaster Classic” kimi nüfuzlu yarışların qalibi olub.

ABŞ-də idman balıqçılığı illərdir böyük sponsorluq müqavilələri, televiziya yayımları və yüksək məbləğli mükafat fondları hesabına milyonlarla dollar dövriyyəsi olan sahəyə çevrilib. Bu səbəbdən peşəkar balıqçılar yalnız yarışlardan deyil, reklam və sponsorluq əməkdaşlıqlarından da ciddi gəlir əldə edirlər.

Kevin VanDam 2023-cü ildə peşəkar yarışlardan ayrıldığını açıqlasa da, vaxtaşırı müxtəlif turnirlərdə iştirak etməyə davam edir. Onun uğur hekayəsi göstərir ki, bir çoxlarının sadəcə hobbi hesab etdiyi məşğuliyyət düzgün strategiya, peşəkarlıq və əzmkarlıq sayəsində milyonlarla dollar qazandıran karyeraya çevrilə bilər.