Ağdam rayonunda baş verən yanğın küləyin təsiri ilə daha da genişlənərək bir neçə yaşayış məntəqəsinin ərazisinə yayılıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, alov Baş Qərvənd, Bayramlar, Şıxlar və Göytəpə kəndləri istiqamətində yayılıb.

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin Ağdam Yanğından Mühafizə Bölməsinin əməkdaşları yanğının qarşısının alınması və söndürülməsi istiqamətində fasiləsiz iş aparırlar.

FHN-in məlumatına əsasən, yanğınla bağlı ilkin məlumat "112" qaynar telefon xəttinə Ağdam rayonunun Kəngərli kəndində açıq ərazidə yanğın baş verməsi barədə daxil olub. Bundan sonra dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb edilib.

Qeyd edək ki, yanğın əvvəlcə Sarıcalı və Kəngərli kəndləri ərazisində qeydə alınıb. Sarıcalı kəndində açıq ərazidə baş vermiş yanğın söndürülsə də, Kəngərli istiqamətində alovun söndürülməsi əməliyyatı davam edir.

Yanğının tam söndürülməsi üçün tədbirlər görülür. FHN-in əlavə məlumat verəcəyi bildirilib.