İspaniyanın Sevilya bölgəsində yerləşən Tomares qəsəbəsində boru xəttinin çəkilişi zamanı aparılan qazıntı işləri gözlənilməz tapıntı ilə nəticələnib. İş maşınının kepçəsi yerin təxminən bir metr dərinliyində bərk cisimlərə toxunduqdan sonra iş dayandırılıb və ərazidə aparılan təmizləmə zamanı heyrətamiz mənzərə ortaya çıxıb.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, qazıntı zamanı yan-yana və üst-üstə səliqə ilə düzülmüş 19 ədəd antik gil küp aşkar edilib. Arxeoloqların araşdırmaları nəticəsində məlum olub ki, küplərin içində ümumi çəkisi təxminən 600 kiloqram olan 50 mindən çox antik Roma sikkəsi var.
Tədqiqatlar göstərib ki, sikkələr Roma imperiyasının eramızın III əsrinin sonu - IV əsrinin əvvəlinə aiddir. Gümüş örtüklü bu pulların üzərində heç bir aşınma izi olmadığından onların dövriyyəyə buraxılmadığı ehtimal edilir. Sikkələrin üzərində Roma imperatorları I Konstantin və Qaleriusun təsvirləri yer alır.
Mütəxəssislərin fikrincə, bu xəzinə vaxtilə hərbi qarnizonun maaşlarının ödənilməsi və ya vergi vəsaitinin saxlanılması üçün toplanıb, daha sonra isə baş verən qarışıqlıqlar səbəbindən torpağın altında gizlədilib.
Arxeologiya dünyasında böyük marağa səbəb olan bu unikal tapıntı hazırda Sevilya Arxeologiya Muzeyində qorunur. Sikkələrin təmizlənməsi və elmi təsnifatı istiqamətində işlər davam etdirilir.