İşğaldan azad edilmiş Cəbrayıl rayonunda mina partlayışı baş verib.

Metbuat.az xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) birgə yaydığı məlumata görə, hadisə rayonun Həsənli kəndi ərazisində qeydə alınıb.

Bildirilib ki, 1979-cu il təvəllüdlü Qumlaq kənd sakini Elşən Bəhlul oğlu Şəmilov minalardan tam təmizlənməmiş ərazidə traktorla torpaq şumlayarkən mina partlayışı nəticəsində ağır xəsarətlər alıb.

TƏBİB-in məlumatına əsasən, yaralı saat 21:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Ona sağ said sümüyünün orta üçdəbir hissəsinin yerdəyişən sınığı, həmçinin incik və qamış sümüklərinin yerdəyişən qəlpəli açıq sınıqları diaqnozu qoyulub.

Hazırda pasiyentin müalicəsi müvafiq şöbədə davam etdirilir. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

DİN, Baş Prokurorluq və ANAMA vətəndaşları mina təhlükəsi ilə bağlı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, xəbərdarlıq nişanlarına diqqət yetirməyə, şübhəli əşyalara toxunmamağa və minalardan tam təmizlənməmiş ərazilərə daxil olmamağa çağırıb.