Yay mövsümü gəldiyi üçün insanlar paytaxtın səs-küyündən və qızmar istisindən uzaqlaşıb rayonlarda dincəlməyə üstünlük verir. Quba, Qusar, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı və digər turizm bölgələri hər il olduğu kimi bu yay da ən çox üz tutulan məkanlar sırasındadır.
Lakin istirahət planı quranların qarşılaşdığı ilk problem qiymətlərdir. Hotellərdə, istirahət mərkəzlərində, fərdi evlərdə, hətta iaşə obyektlərində belə tariflər bir çox ailənin büdcəsinə uyğun deyil.
Fərdi evlər də əvvəlki kimi sərfəli deyil
Metbuat.az xəbər verir ki, son illər turistlərin əhəmiyyətli hissəsi yüksək hotel qiymətlərindən yayınmaq üçün fərdi ev və kotteclərə üstünlük verir. Ancaq bu seqmentdə də qiymətlər nəzərəçarpacaq dərəcədə artıb.
Hazırda Quba, Qusar və Qəbələ və Şəkidə normal şəraiti olan fərdi evlərin günlük kirayə qiyməti əsasən 80-100 manatdan başlayır. Həyəti, manqal zonası, hovuzu və əlavə rahatlıqları olan villalarda isə qiymətlər 200-250 manata, bəzi hallarda daha yuxarı məbləğlərə çatır. Həftəsonları və bayram günlərində tələbatın artması qiymətləri daha da yüksəldir.
Hotellərdə qiymətlər necə dəyişir?
Hotellərdə qalmaq istəyənlər üçün də vəziyyət ürəkaçan deyil. Əksər istirahət mərkəzlərində iki nəfərlik standart otağın bir gecəlik qiyməti, adətən yalnız səhər yeməyi daxil olmaqla, 70-100 manatdan başlayır.
Uşaqlı ailələr üçün uyğun otaqların qiyməti isə əksər hallarda 120-180 manat arasında dəyişir. Xidmət səviyyəsi, yerləşmə yeri və əlavə imkanlardan asılı olaraq bu rəqəm daha yüksək ola bilər.
Son illər turistlərin xüsusi maraq göstərdiyi Şuşa və Laçında yerləşmə imkanlarının məhdud olması qiymətlərin digər bölgələrlə müqayisədə daha yüksək qalmasına səbəb olur. Artan turist axını fonunda mövsüm ərzində boş otaq tapmaq da çətinləşir.
Əsas xərc hotellə bitmir
İstirahət zamanı ən böyük əlavə xərc qidalanma və əyləncə ilə bağlı olur. Rayonlardakı kafe və restoranlarda adambaşına nahar və ya şam yeməyinin qiyməti orta hesabla 15-25 manat arasında dəyişir. Bu isə dörd nəfərlik ailənin yalnız gün ərzində qidalanmaya 100-120 manata yaxın vəsait xərcləməsi deməkdir.
Bura çay süfrəsi, sərinləşdirici içkilər, uşaqlar üçün əyləncə, müxtəlif tur xidmətləri və digər xərclər də əlavə olunduqda gündəlik büdcə daha da artır.
Bir həftəlik istirahətin hesabı
Sadə hesablamaya əsasən, orta səviyyəli hoteldə qalan dörd nəfərlik ailənin gecələmə və qidalanma xərci gündə təxminən 240-300 manat təşkil edir. Bu isə nəqliyyat, yanacaq, ekskursiyalar və digər əlavə xərclər nəzərə alınmadan bir həftəlik istirahətin 1700-2100 manata başa gəlməsi deməkdir.
Beşulduzlu hotellərə, lüks villalara və daha geniş xidmət paketlərinə üstünlük verənlər üçün isə xərclər bundan dəfələrlə yüksək olur. Belə məkanlarda gündəlik xərc rahatlıqla 400-500 manatı keçir.
Qiymətlər niyə yüksəlir?
Mütəxəssislər qiymət artımını yay mövsümündə tələbatın kəskin yüksəlməsi, yerləşmə yerlərinin sayının məhdud olması, kommunal və xidmət xərclərinin artması ilə əlaqələndirirlər. Bununla yanaşı, bəzi bölgələrdə rəqabətin zəif olması da qiymətlərin yüksək qalmasına təsir edən amillərdən biridir. Buna görə də istirahət planı quranlar rezervasiyanı mümkün qədər erkən etməyə çalışırlar.
Nazim Hüseynzadə / Metbuat.az