Azərbaycanın milli incəsənətinin korifeyi, monumental heykəltəraş, Azərbaycan və SSRİ dövlət mükafatları laureatı, "Heydər Əliyev", "İstiqlal", "Əmək" və "Şərəf" ordenləri ilə təltif olunmuş Xalq rəssamı, akademik Ömər Eldarov ona göstərilən diqqət və qayğıya, eləcə də müalicəsinin təşkilinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Metbuat.az xəbər verir ki, bunu Ömər Eldarov Trend-ə açıqlamasında bildirib.

Hazırda 99 yaşlı Ömər Eldarovun vəziyyəti yaxşılaşıb və o, müalicəsini ambulator şəraitdə davam etdirir.

"Artıq evdəyəm. Hazırda özümü nisbətən yaxşı hiss edirəm və ümid edirəm ki, bir neçə günə vəziyyətim daha da yaxşılaşacaq. Mənə göstərilən diqqətə, qayğıya və dəstəyə görə Heydər Əliyev Fonduna və hörmətli Mehriban Əliyevaya səmimi təşəkkürümü bildirirəm. Mənə kömək edən hər kəsə dərin minnətdarlığımı çatdırıram", – deyə o bildirib.

Qeyd edək ki, Ömər Eldarov yaşla bağlı səhhətində yaranan problemlər və isti havanın təsiri səbəbindən Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilmişdi. Tibbi müayinələrdən sonra o, evə buraxılıb.