15 İyun Milli Qurtuluş Günü müasir Azərbaycan tarixinin ən mühüm siyasi hadisələrindən biri hesab olunur. 1993-cü ildə ölkədə dərinləşən siyasi böhran, hakimiyyət qarşıdurması, iqtisadi tənəzzül və hərbi uğursuzluqlar fonunda ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı dövlətçiliyin qorunmasında həlledici amil kimi qiymətləndirilir.
Milli Məclisin deputatları Aydın Hüseynov və Naqif Həmzəyev Metbuat.az-a açıqlamalarında Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, həmin dövrdə ölkədə yaranmış vəziyyətdən və sonrakı inkişaf mərhələsindən danışıblar.
Deputat Aydın Hüseynovun sözlərinə görə, 1993-cü ilin iyun hadisələri Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən kritik mərhələlərdən biri olub:

Fotoda: Aydın Hüseynov
“1993-cü ilin iyun hadisələri Azərbaycan tarixində dövlətçilik baxımından ən həlledici mərhələlərdən biri hesab olunur. Həmin dövrdə ölkə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan ciddi çətinliklərlə üzləşmişdi. AXC-Müsavat hakimiyyətinin idarəetmədə buraxdığı nöqsanlar, siyasi prosesləri nəzarətdə saxlaya bilməməsi, ölkədə yaranmış problemlərin həllində lazımi qətiyyət nümayiş etdirməməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlət institutlarının fəaliyyəti zəifləmiş, iqtisadi böhran dərinləşmiş, Ermənistanın işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın itirilməsi davam etmişdi”.
Millət vəkili bildirib ki, həmin dövrdə ölkədə yaranmış hakimiyyət böhranı Azərbaycanı parçalanma təhlükəsi ilə üz-üzə qoymuşdu.Deputatın sözlərinə görə, xalqın çağırışına cavab verən Heydər Əliyevin Bakıya qayıdışı ölkədə yeni siyasi mərhələnin başlanğıcı oldu:
“Ölkədə hökm sürən qeyri-sabitlik və hakimiyyət böhranı Azərbaycanı parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Xüsusilə Gəncədə baş verən hadisələr dövlətçiliyin taleyi ilə bağlı ciddi narahatlıqlar yaratmışdı. Belə bir mürəkkəb vəziyyətdə cəmiyyətin müxtəlif təbəqələri, ziyalılar, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri ölkənin gələcəyini düşünərək Heydər Əliyevin yenidən böyük siyasətə qayıtmasını zəruri hesab edirdilər. Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti onun zəngin dövlətçilik təcrübəsinin və siyasi nüfuzunun ölkəni böhrandan çıxarmağa qadir olduğuna inanırdı. Bakıya gəldikdən sonra Heydər Əliyev ilk növbədə mövcud vəziyyəti dərindən təhlil etdi, müxtəlif siyasi qüvvələrlə görüşlər keçirdi və ölkədə sabitliyin bərpası istiqamətində fəaliyyətə başladı”.
Aydın Hüseynov xüsusilə Heydər Əliyevin Gəncəyə səfərini həmin dövrün ən mühüm hadisələrindən biri kimi qiymətləndirib. Deputat vurğulayıb ki, 15 iyun 1993-cü ildə Heydər Əliyevin Ali Sovetin sədri seçilməsi ilə ölkənin ictimai-siyasi həyatında yeni mərhələ başlayıb:
“Çətin və təhlükəli şəraitdə həyata keçirilən bu səfər qarşıdurmanın daha da genişlənməsinin qarşısının alınmasına xidmət etdi. Heydər Əliyevin nümayiş etdirdiyi siyasi iradə və məsuliyyət hissi ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasında mühüm rol oynadı. Bu tarix Azərbaycan dövlətçiliyinin xilası və sabitliyə aparan yolun başlanğıcı kimi qiymətləndirilir. Sonradan həmin günün Milli Qurtuluş Günü elan edilməsi də məhz bu tarixi əhəmiyyətlə bağlıdır. Həmin dövrdə dövlət idarəçiliyində yaranmış boşluqların aradan qaldırılması, sabitliyin təmin olunması və dövlət institutlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Belə bir şəraitdə məsuliyyət yükünü öz üzərinə götürən Heydər Əliyev dövlət institutlarının fəaliyyətinin bərpası, ictimai-siyasi sabitliyin təmin edilməsi və ölkənin gələcək inkişafının əsaslarının formalaşdırılması istiqamətində mühüm addımlar atdı”.
Aydın Hüseynov qeyd edib ki, sonrakı illərdə iqtisadi inkişafın və beynəlxalq əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin formalaşdırıldı.
“Sonrakı illərdə ölkənin iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişlənməsi, xarici investisiyaların cəlb olunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsi üçün zəruri zəmin formalaşdırıldı.Azərbaycanın son onilliklərdə əldə etdiyi uğurların təməlində 1993-cü ildə qəbul edilmiş strateji qərarlar və dövlətçilik maraqlarının qorunması dayanır. Milli Qurtuluş Günü xüsusilə gənc nəsil üçün mühüm əhəmiyyət daşıyır. Bu tarix bir daha göstərir ki, dövlət müstəqilliyi və milli birlik hər bir xalqın ən böyük sərvətidir. Gənclərimiz bu hadisələrdən nəticə çıxarmalı, dövlətçiliyin qorunmasının və milli həmrəyliyin vacibliyini dərk etməlidirlər. Çünki bu gün güclü Azərbaycan dövlətinin mövcudluğu vaxtilə böyük təhlükələr qarşısında verilmiş düzgün qərarların və qətiyyətli siyasi iradənin nəticəsidir”.
Milli Məclisin deputatı Naqif Həmzəyev hesab edir ki, 15 İyun Azərbaycan dövlətçilik tarixində dönüş nöqtəsi olub:

Fotoda: Naqif Həmzəyev
“1993-cü il iyunun 15-i Azərbaycan dövlətçilik tarixinin ən şanlı və taleyüklü günlərindən biridir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ölkəni parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas edən dönüş nöqtəsi oldu. Həmin dövrdə həm xarici təhdidlər, həm də daxili siyasi proseslər ölkədə vəziyyəti daha da ağırlaşdırmışdı. Ölkə beynəlxalq təcrid vəziyyətinə düşmüşdü. Hakimiyyət daxilindəki qarşıdurmalar daha da kəskinləşmiş, dövlət idarəçiliyi iflic vəziyyətinə gəlmişdi. Məhz belə bir mürəkkəb dövrdə xalqın təkidli tələbi və respublika rəhbərliyinin dəvəti ilə Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya qayıtdı. Ulu öndər Heydər Əliyevin atdığı addımlar ölkədə vətəndaş qarşıdurmasının qarşısının alınmasında mühüm rol oynayıb. Ulu Öndər hakimiyyət uğrunda deyil, dövlətçiliyin xilası naminə məsuliyyəti öz üzərinə götürərək ilk günlərdən ölkədə sabitliyin bərpası istiqamətində qətiyyətli addımlar atıb. Heydər Əliyevin Gəncədə baş vermiş qiyamın qarşısının alınmasında göstərdiyi siyasi iradə Azərbaycanı vətəndaş qarşıdurmasından xilas etdi”.
Deputat xatırladıb ki, Ali Sovetin sədri seçildikdən sonra Heydər Əliyev dövlət müstəqilliyinin qorunmasını əsas vəzifə kimi müəyyənləşdirmiş, Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi və inkişaf etdirməyi özü üçün ən əsas vəzifələrdən biri hesab edirdi.
Naqif Həmzəyev bildirib ki, sonrakı mərhələdə ölkədə siyasi sabitlik bərpa edildi, nizami ordu quruculuğu gücləndirildi və iqtisadi inkişaf strategiyasının əsası qoyuldu:
“Eyni zamanda, "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın iqtisadi inkişaf strategiyasının əsası qoyuldu, yeni Konstitusiya qəbul edildi, çoxpartiyalı siyasi sistem formalaşdırıldı və ölkənin beynəlxalq inteqrasiyası sürətləndi. Heydər Əliyevin ən böyük arzularından biri Azərbaycanın ərazi bütövlüyünün bərpası idi və bu məqsəd sonrakı dövrdə reallığa çevrildi. Heydər Əliyev daim Şuşanın, Laçının, Ağdamın, Kəlbəcərin və digər işğal altındakı torpaqlarımızın azad olunacağına inanırdı. Bu ideya son nəticədə Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrildi və Azərbaycanın tarixi ədaləti bərpa olundu. Bu gün Azərbaycan bayrağı Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və işğaldan azad edilmiş bütün ərazilərimizdə qürurla dalğalanır. Bu, həm də Heydər Əliyev ideyalarının təntənəsi, güclü dövlətçilik siyasətinin məntiqi nəticəsidir”.
Gülbəniz Hüseynli / Metbuat.az
Məqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “azərbaycançılıq ideyasının təbliği” mövzusu üzrə dərc olunub.
