Hər il gənc qalmaq və bioloji yaşını geriyə qaytarmaq üçün milyonlarla dollar xərcləyən amerikalı texnologiya milyarderi Brayan Conson bu dəfə hər kəsi təəccübləndirən bir hadisə ilə gündəmə gəlib. Həyatını ciddi pəhrizlərə, xüsusi tibbi prosedurlara və idman rejiminə həsr edən 48 yaşlı iş adamı sevgilisinin ailəsi ilə tanış olmaq üçün Avstraliyaya səfər edib. Lakin bu qısa səyahət onun bütün gəncləşmə planlarını alt-üst edib.
Metbuat.az xarici mediaya istinadla xəbər verir ki, Conson səfər müddətində sevgilisinin anasının hazırladığı yeməkləri yemək məcburiyyətində qaldığı üçün illərdir riayət etdiyi qəti vegan pəhrizini pozub. Uzun müddətdən sonra ilk dəfə ət, çörək və makaron kimi qidalar qəbul edən milyarder, həmçinin uzun təyyarə uçuşları və fərqli saat qurşağı səbəbindən yuxu rejiminə də riayət etməyib. Cəmi bir həftə davam edən bu qeyri-adi ritm onun bədənində ağır fəsadlar yaradıb.
Səfərdən sonra keçdiyi tibbi müayinələrin nəticələrini paylaşan milyarder, yuxu keyfiyyətinin kəskin düşdüyünü və bioloji yaşının cəmi bir həftə ərzində 13 il qocaldığını bildirib. Bədənindəki stress hormonlarının normaya düşməsinin günlərlə vaxt apardığını deyən Conson, adi bir insan kimi yaşamağın onun gəncləşmə proqramına böyük zərbə vurduğunu etiraf edib.