Dövlət qurumlarının miqyası, işçi sayı və əhatə dairəsi barədə düşündükdə çox adamın ağlına ilk olaraq Müdafiə və ya Daxili İşlər nazirlikləri kimi güc strukturları gəlir. Lakin rəsmi statistikaya baxdıqda, tamam fərqli mənzərə ilə qarşılaşırıq. Azərbaycanda elə bir mülki nazirlik var ki, onun idarə etdiyi insan kapitalı və əməkdaş ordusu bəzi ölkələrin silahlı qüvvələrindən belə böyükdür.

Metbuat.az bildirir ki, söhbət ölkənin ən böyük mülki idarəetmə mexanizmi olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən gedir.

Dövlət Statistika Komitəsinin ən son hesabatlarına əsasən, Azərbaycanda muzdla çalışan əhalinin təxminən 18%-dən çoxu təhsil sahəsində cəmləşib. Bu o deməkdir ki, ölkədə rəsmi işi olan hər 5-6 nəfərdən biri birbaşa və ya dolayısı ilə bu sistemə bağlıdır.

Qeyd edək ki, nazirliyin mərkəzi aparatı Bakı şəhərində yerləşsə də, idarəetməni operativləşdirmək üçün ölkə üzrə 12 Regional Təhsil İdarəsi yaradılıb. Bu regional idarələr faktiki olaraq kiçik nazirliklər rolunu oynayır. Məsələn, elə regional idarələr var ki, işçilərin sayı Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının sayından çoxdur.

Hazırda Elm və Təhsil Nazirliyinin strukturlarında ümumilikdə 400 mindən çox əməkdaş çalışır. Bura 150 minə yaxın müəllim heyəti, inzibati işçilər, texniki heyət, elm adamları və metodistlər daxildir.

Fotoda: Elm və Təhsil Nazirliyinin inzibati binası

Nazirliyin tabeliyində 4400-dən çox ümumi təhsil məktəbi, onlarla ali təhsil müəssisəsi, kolleclər, peşə məktəbləri və böyük elmi-tədqiqat institutları fəaliyyət göstərir.

Xatırladaq ki, nazirliyin adı bir neçə il öncə status dəyişikliyinə uğrayaraq Elm və Təhsil Nazirliyi oldu. Bu sadəcə ad dəyişikliyi deyildi; ölkənin ən böyük elmi beyin mərkəzi olan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas institutları, rəsədxanalar və fondlar da bu nazirliyin tərkibinə daxil edildi. Beləliklə, qurum həm kəmiyyət, həm də strateji çəki baxımından ölkənin ən böyük nazirliyinə çevrildi.

Azərbaycanın mülki sektorunda idarəetmə və insan resursu miqyasına görə Elm və Təhsil Nazirliyi mütləq liderdir. Hər səhər ölkə əhalisinin az qala dörddə biri (şagirdlər, tələbələr, müəllimlər və texniki işçilər) məhz bu nazirliyin xətti ilə idarə olunan müəssisələrə üz tutur. Bu isə rəqəmsal və real məkanda nazirliyin niyə “mülki ordu” adlandırılmasının ən bariz sübutudur.

Hazırda Elm və təhsil naziri vəzifəsində Emin Əmrullayev çalışır.

Fotoda: Elm və təhsil naziri Emin Əmrullayev

O, Prezident İlham Əliyevin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin edilib. 28 iyul 2022-ci ildən - Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılmasından bu günədək Azərbaycan Respublikasının elm və təhsil naziri kimi əmək fəaliyyətini davam etdirir.

Nazim Hüseynzadə / Metbuat.az