Yanvarın 22-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ilə görüşü olub. Bəs bu görüş Azərbaycan-ABŞ münasibətləri və regional proseslər baxımından hansı mesajları verir?

Milli Məclisin deputatı Asim Mollazadə Metbuat.az-a açıqlamasında bildirib ki, bu, çox mühüm görüş olub və görüşdə bir məqam - prezidentlərin şəxsi münasibətlərinin yüksək səviyyədə olması hamının diqqətini cəlb edib:

“Məhz bu şəxsi münasibətlər Azərbaycan–ABŞ əlaqələrini yeni inkişaf mərhələsinə aparır. Eyni zamanda Azərbaycanla Amerika Birləşmiş Ştatlarının bölgəmizdə gedən proseslərdə ortaq maraqları var. Azərbaycanın strategiyası, yəni enerji, nəqliyyat, yeni texnologiyalar və investisiyalarla bağlı istiqamətləri ABŞ ilə ortaq maraqlardan çıxış edir. Prezident İlham Əliyev Davosda Amerikanın bir sıra mühüm şirkətlərinin rəhbərləri ilə görüşüb və gələcək investisiyaları müzakirə edib”.

Deputatın sözlərinə görə, prezidentlərin şəxsi münasibətlərinin yüksək səviyyədə olması ölkələrimizin əməkdaşlığını gücləndirir və birgə strateji layihələrin həyata keçirilməsi imkanlarını daha da artırır.

Sevinc İbrahimzadə / Metbuat.az