"Azərbaycanda əhalinin siyahıya alınma prosesində bütün rayonlar üzrə 40 minə yaxın insan cəlb olunacaq".
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, siyahıya alınma maliyyə tutumu, həm də insan resurslarının cəlb edilməsi, metodoloji baxımından çox mürəkkəb prosesdir:
"10 milyondan artıq olan əhalimizin hər biri barədə müfəssəl məlumatların işlənməsi üçün bu prosesin həyata keçirilməsi nəzərdə tutulub. Gələn il keçiriləcək siyahıya alınmanı digərlərindən fərqləndirən cəhət Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı müəyyən göstəricilərin də öz əksini tapmasıdır. Azərbaycanda əhalinin sosial tərkibi, gəlirlərin strukturu, əmək bazarındakı vəziyyətin bütün aspektləri, şəxsin təhsil aldığı sahədən tutmuş onun ixtisası, işlədiyi yer, işləməməyinin səbəbləri və s. məsələlər sorğu anketlərində yer alıb. Eyni zamanda əlilliklə bağlı məsələlər ilk dəfə daxil edilib".
Komitə sədrinin sözlərinə görə, təkcə rəsmi qeydiyyata alınan əlillər deyil, insanların sağlamlığına münasibəti və faktiki olaraq onlarda hansısa məhdudiyyətlərin olması kimi məsələlər də əksini tapıb:
"Hazırda dünyada fasiləsiz təhsilə önəm verilir. Təhsil pillələri üzrə əhalinin vəziyyəti, miqrasiya prosesləri - istər beynəlxalq miqrasiya, istər daxili yerdəyişmə, bunun səbəbləri və s. suallar ətrafında böyük məlumat əldə etmək mümkün olacaq".
T.Budaqov vurğulayıb ki, bu məlumat bazası 10 il müddətində ölkədə müxtəlif demoqrafik iqtisadi sosial proqramlarının qəbul olunması üçün fundamental baza rolunu oynayacaq.
Milli.Az