Dünya Vəhşi Təbiət Fondu (WWF) fillərin qorunması məqsədi ilə Tailandda "Fil dişisiz səyahət" kampaniyasına başlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, kampaniya fil dişinə tələbatın azalmasını təmin etmək üçün turistləri onu almamağa çağırır. Fond hesab edir ki, bununla da fillərin dişlərindən qazanc əldə edilməsi məqsədilə onların öldürülməsinin qarşısı alınacaq, bu məqsədlə heç olmasa daha az filin məhv edilməsinə nail olunacaq.
Fil dişinin ticarətinə dair 1990-cı ildə qadağanın tətbiq olunmasına baxmayaraq, Tailandda xəstə və ölmüş fillərin dişlərindən düzəldilən suvenirlərin hazırlanmasına və satışına icazə verilir. Ölkədə xəstə və ölmüş fillərdən ildə 500 kiloqram diş çıxarılır. Amma hesablamalara görə, Tailandda fil dişi bazarı bundan dəfələrlə çoxdur.
Dünya Vəhşi Təbiət Fondunun hesabatına əsasən, dünyada ildə 20 min Afrika fili qazanc məqsədilə öldürülür ki, bu da nəticədə həmin heyvan növünün tamamilə yox olmasına gətirib çıxara bilər.
Milli.Az