ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya bəyan edib ki, Suriyanın Deyr-əz-Zor əyalətinə endirilən zərbə nəticəsində yalnız İŞİD terror təşkilatının yaraqlıları ölüb, mülki əhali arasında zərərçəkən olmayıb.

Milli.Az "Report"a istinadən bildirir ki, bunu koalisiya nümayəndəsi, ABŞ-ın quru qoşunlarının polkovniki Şon Rayan deyib.

"Koalisiyanın oktyabrın 24-də endirdiyi zərbə İŞİD tərəfindən bizim müttəfiqlərimiz olan "Suriya demokratik qüvvələri"nə qarşı hücumların həyata keçirilməsi üçün istifadə olunan obyektləri dağıdıb. İŞİD-in hücumların planlaşdırılması və həyata keçirilməsi üçün komanda mərkəzi qismində istifadə etdiyi obyektlərdən biri məscid idi. Quru qoşunları komandanlığının qiymətləndirməsinə görə, zərbə endirilən zaman məsciddə yalnız İŞİD yaraqlıları olub", - deyə Rayan bildirib.

Bundan əvvəl koalisiya qüvvələrinin məscidə endirdiyi hava zərbələri nəticəsində onlarla insan həyatını itirib.

Milli.Az