"Azərbaycanda ənənəvi hal alan və artıq neçə illərdir keçirilən Bakı Beynəlxalq Humanitar Forumu artıq dünyada ən nüfuzlu forumlar və platformalar sırasındadır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə bu gün keçirilən mətbuat konfransında deyib.

V.Eyvazzadə bildirib ki, indiyə qədər ölkəmizdə keçirilən Humanitar forumlarda kifayət qədər nüfuzlu şəxslər, siyasətçilər, alimlər, beynəlxalq təşkilatların nümayəndələri, dövlət və hökumət rəsmiləri iştirak edib.

O qeyd edib ki, 25-26 oktyabr tarixlərində Bakıda baş tutacaq VI Bakı Beynəlxalq Humanitar Forumunda da bu ənənə davam etdiriləcək və forumda kifayət qədər nüfuzlu şəxslər iştirak edəcək.

V.Eyvazzadə vurğulayıb ki, builki forum "Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı" mövzusunu əhatə edəcək. Nazirlik rəsmisi bildirib ki, forum çərçivəsində kifayət qədər maraqlı plenar sessiyalar və işçi sessiyalar təşkil olunacaq.

V.Eyvazzadənin sözlərinə görə, forum çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən davamlı inkişafla bağlı beynəlxalq konfrans keçiriləcək. O qeyd edib ki, bu konfrans forumun əsas platformalarından biri kimi təşkil olunacaq və bu tədbirdə də dünyanın kifayət qədər nüfuzlu şəxsləri, dövlət və hökumət rəsmiləri təmsil olunacaq və kifayət qədər maraqlı mövzular müzakirə ediləcək.

O bildirib ki, VI Bakı Beynəlxalq Humanitar Forumu həmçinin Azərbaycan dövlətinin insan kapitalının inkşafına dəstəyi kimi qəbul edilməlidir. V.Eyvazzadə qeyd edib ki, forumda dünyanı narahat edən məsələlərə toxunulacaq.

Nazirlik rəsmisi əlavə edib ki, bu forum ölkəmizin təbliğ edilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar Forumunda 97 ölkədən 580 nəfərdən çox insan iştirak edəcək.

Milli.Az