Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, oktyabrın 11-də İran İslam Respublikasının Astara Gömrük İdarəsində Azərbaycan və İran gömrük xidmətlərinin nümayəndələri arasında daha bir görüş keçirilib.
Azərbaycan tərəfini Dövlət Gömrük Komitəsi Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, İran İslam Respublikasını isə bu ölkənin Astara Gömrük İdarəsinin rəisi Rəsul Omidinin rəhbərlik etdiyi nümayəndə heyətləri təmsil edib. Görüşdə Azərbaycan və İran gömrükçülərinin vaxtaşırı keçirilən görüşlərinin qarşılıqlı əməkdaşlığın genişləndirilməsinə, eləcə də iki ölkə arasında mal və nəqliyyat vasitələrinin keçidinin sürətləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi işinə töhfə verdiyi bildirilib.
Tərəflər arasında keçirilən əvvəlki görüşlərdə müzakirə edilən
məsələlərə baxılıb, eyni zamanda, gömrük-sərhəd keçid
məntəqələrinin fəaliyyəti, nəqliyyat vasitələrinin və sərnişinlərin
sərhədkeçmə prosesinin daha da sürətlə və maneəsiz həyata
keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında
fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, bu, Azərbaycan və İran gömrük xidmətlərinin
nümayəndələri arasında son iki həftə ərzində baş tutan üçüncü
görüşüdür. Bundan öncə tərəflər Azərbaycan Respublikasının Astara
gömrük-sərhəd keçid məntəqəsində və İran İslam Respublikasının
Biləsuvar gömrük-keçid məntəqəsində bir araya gəliblər.
Könül