Tanınmış teleaparıcı Lalə Azərtaşın Milli.Az-a müsahibəsi.

- Lalə xanım, artıq yeni mövsümə start verilib. Həm ATV səhər, həm də xəbərlərin axşam buraxılışında efirdə olursunuz. Maraqlıdır, tamaşaçıları səhər salamlamaq xoşunuza gəlir, yoxsa axşam?

- Bəli, yeni mövsümü məhz elə ATV səhər verilişi ilə açdıq. Valideyn olanda sual verirlər ki, hansı balanı çox istəyirsən? Necə ki, onu ayırd etmək olmur, verilişlər də elədir. Düzdü, mənim ürəyim hər zaman xəbərlərlə döyünür, amma ATV səhərdə varamsa, deməli, o da mənə doğmadır və o da mənim bir balamdır. Əslində, bu, özü də bir xoşbəxtçilikdir ki, mən tamaşaçılara sabahın erkən saatlarında "sabahınız xeyir olsun", axşam isə "axşamınız xeyir", daha sonra "gecəniz xeyir" deyirəm. Bu, hər teleaparıcıya nəsib olmur.

- Sizi illər öncə musiqili verilişlərdə görsək də, son zamanlar yalnız xəbərlərdə olursunuz. Xəbər aparıcılığı sizi bir qəlibə salıb, yoxsa istədiyiniz vaxt o qəlibdən çıxmağı bacarırsınız?

- Xəbər aparıcılığı, əslində, mənim həyatıma birbaşa sirayət edib. Bu, istənilən sahədə mənə aiddir. İstər işdə olsun, istər mənim şəxsi həyatımda, geyimimdə, davranışımda, istərsə də insanlarla münasibətimdə. Xəbər aparıcılığı mənim çiyinlərimə, qəlbimə, beynimə, düşüncə tərzimə çox qəribə bir ciddilik və çərçivə qoyub. Nisbətən qapalı, yığcam, konkret bir həyata yönəldib məni. Orada punktuallıq var, orada dəqiqlik var, orada bilmədən heç nəyi danışmırsan, danışdığın sözlərə görə məsuliyyət daşıyırsan. Mən sevərək bu qəlibin içindəyəm, bu qəlibdən çıxmaq istəmirəm. Çünki işimi sevirəm. İnsanı heç bir halda sevmədiyi yerdə məcburən saxlamaq olmaz.

- Təbiətcə necə xarakterə malik xanımsınız?

- Mən ciddi görünməyimdən asılı olmayaraq təbiətcə çox çılğınam. Bəlkə də elə ona görə 6 il öncə apardığımız ATV səhər də hardasa uğurlu alınırdı. Çünki orada da özüm idim. Ümumiyyətlə, özüm olmayanda veriliş apara bilmərəm.

- Hətta bir filmdə "Qarabağı azad etdik" deyə bir çağırış etmişdiniz. Bu çıxışınız mətbuatda böyük bir rezonans doğurmuşdu.

- Niyə rezonans doğurdu? Çünki mən özüm də o qələbəyə inanırdım! O qələbəni hər an gözləyirəm və gələcəyini bilirəm. Anidən o anı gözümün önündə canlandırdım ki, bu xəbər mənə gəlib və bunu tamaşaçıya çatdırmalıyam. O xəbəri oxuya-oxuya yaşayırdım. Bəzən tamaşaçılara üzüntülü xəbərlər də vermək məcburiyyətində qalırıq. Fövqəlada bir hal baş verirsə, biz ən əsası şəhid veririksə, mən də anayam, vətənim övlad itirir. İstər-istəməz bu da mənim səsimə sirayət edir.

- Əyləncəli veriliş aparmaq istərdinizmi?

- Əslində, bir dəfə təklif olunmuşdu, amma mən düşünmədən imtina etmişdim. Çünki o, sırf əyləncəli və şou xarakterli idi. Əyləncə olmazsa, olmaz. Mən özüm də əyləncəli verilişlərə baxıram, yorğunluğumu da həmin verilişlərlə çıxarıram. Amma özümü orada görmürəm. Mənim bir verilişi aparmağım üçün mütləq onun ictimai-siyasi yükünün olması lazımdır. Əyləncəli ola bilər, o halda ki, o əyləncənin içində də maarifləndirici nəsə bir şey olsun.

- Bir neçə dəfə sizi məşhur müğənnilərin övladlarının toy məclisində görüb, öz özümə dedim ki, "xəbər aparıcısının müğənnilərlə nə əlaqəsi?" Olmaya dostluğunuz uzun illərə söykənir?

- Bəli, mən tez-tez onların xoş günlərində oluram. Çünki biz dövlət tədbirlərində müğənnilərlə birlikdə oluruq. 16 ildir televiziya sahəsindəyəm, yollarımız mütləq kəsişir. İnsanların hər biri ilə səmimi münasibət qurmağa çalışıram. Anamın mənə çox gözəl bir tövsiyəsi var. O deyir ki, "qızım bir işə başlamazdan öncə bir düşün gör atalar bu sahədə nə deyiblər?" Mən də istər-istəməz harasa dəvət alanda düşünürəm ki, "Çağırılan yerə ar eləmə, çağırılmayan yeri dar eləmə". Əgər dəvət ediblərsə, mən ora ar edə bilmərəm. 

- "Azərtaş" soyadınızdır, yoxsa ləqəbiniz?

- Azərtaş mənim soyadımdır. Bunun tarixçəsini istərdim sizə danışım. O zaman bizim ulu babamız Cənubi Azərbaycandan siyasi mühacir olurlar. Babam bizim seçilməyimiz üçün, Azəri qanı daşıdığımızı bildirmək üçün bizə bu soyadı götürür. Azər-Azərbaycan sözündən götürülüb, Taş-da türk adlarının sonunda var, məsələn Mustafataş, Kamaltaş. Əslində, bizim soy adın mənası budur, yəni azəri türkü. Bir neçə il bundan əvvəl televiziya aparıcıları arasında bir müsabiqə keçirilmişdi. Səlis nitqə məxsus olan televiziya aparıcılarını seçirdilər. Bizim peşəkar, qocaman diktorlarımız orada idi. Onlar məni qalib elan etmişdilər. Bu müsabiqəni təşkil edən Təhmasib müəllim məndən soruşdu ki, sən öz soyadında olan "Taş"ın nə olduğunu bilirsən? Sizə dediyim cavabı ona da dedim. Mənə dedi ki, Taş həm də cingiltili səs deməkdir. Pəncərədən daş gəlmir, pəncərədən taş gəlir.

- Çox səbrli, təmkinli xanımsınız. Nə sizi özünüzdən çıxara bilər?

- Mən, həqiqətən də, səbrliyəm. İnanıram ki, yerindən əsəblə qalxan, mütləq ziyanla oturar. Ona görə də əsəblərimi hər zaman cilovlamağa çalışıram. Ədalətsizlik, yalan mənim gözümün düşməni olan məqamlardır. Heç kimin arxasınca danışmıram, bunu heç kim deyə bilməz. Amma arxamca danışan insanları da yaxşı tanıyıram. Onların üzünə gülümsəyirəm, gözlərinin içinə baxaraq "mən sənin yalan danışdığını bilirəm" deyirəm və yoluma davam edirəm. Çünki hər kəslə mübarizəyə gücüm çatmaz. Mən qəlbən çox sadiq biri olduğum üçün, önümdəki insanın sadiqliyi müddətincə mənim həm sadiqliyim, həm də dostluğum davam edir. O zamana kimi ki, qarşı tərəf axsayır. Səhv edəndə maksimum bir dəfə bağışlaya bilərəm, ikinci dəfə artıq hər şey bitir. Qarşımdakı insan əgər yalan danışarsa, ona mütləq yalanın ömrünün 40 gün sürəcəyini xatırladır və onunla sağollaşıram.

- Gənc xəbər aparıcılarının işindən razısınız?

- Ümumiyyətlə, bir insan artıq xəbər aparırsa və ona hər hansı bir kütlənin meyli varsa, mən də həmin adama uğur arzulaya bilərəm. Fikir alan varsa, ona doğru istiqamət verə bilərəm. Gəncləri izləyirəm, bəzən olur deyirəm ki, kaş ki, bunu belə desəydi. Bəzən olur ki, onları görüb deyirəm. Bəziləri ilə əlaqəm yoxdur, sizin vasitənizlə onlara deyirəm ki, kimə bu sahədə nəsə kömək əlimi uzatmağa ehtiyac varsa, onu sevə-sevə edərəm. Xəbər aparıcısı mütləq səmimi olmalıdır ki, tamaşaçı onu qəbul etsin. Unutmayın, sizə təhsilli insanlarla yanaşı, ucqar rayondan da baxırlar. Sizin elə bir sözünüz ola bilər ki, onu həmin insanlar başa düşməyə bilər. O sözü səmimi, onların başa düşəcəyi bir şəkildə demək lazımdır.

- Xəbərləri aparanda hansı ekstrim halla üzləşmisiniz?

- Xəbər canlı yayımlandığı üçün ekstrim hallar qaçılmaz olur. Ən azı bir-ikisini sizə sadalaya bilərəm. Bizim Kamal adında rejissorumuz var. Hiss etdim ki, boğazım ağrayır və efir vaxtı bu mənə problem yarada bilər. İstədim ki, ilıq su alım və boğazımı isladım ki, efir boyu çətinlik yaşamayım. Efirə az qalmış xahiş etdim ki, Kamal mənə təcili ilıq su ver. Sağolsun Kamal qaynar suyu mənə verdi. Efirin başlamasına saniyələr qalmış suyu içərkən dilim, boğazım, ağzım yandı, hətta gözlərim belə yaşardı. Tamaşaçıya hiss etdirməsəm də çox çətin bir an yaşadım. Bir dəfə də danışdığım yerdə qulağımdan sırğam düşmüşdü. Tamaşaçılar o qədər diqqətli idilər ki, o 1-2 saniyə ərzində baş verən hadisəni diqqətdən qaçırmamışdılar və Yutubda yerləşdirmişdilər.

- Həyatda hansı vəziyyətdən hələ də çıxış yolu tapmamısınız?

- Yaşım, ağlım, möhkəm bir-birinə bağlanmış ailəm, ətrafım məni heç vaxt çıxılmaz bir vəziyyətdə qoymayıb. Mənim önümdə gedən böyüklərim var. Hansı ki, onlar mənə lazım gələndə məsləhət verib, yol göstərirlər. Onların sayəsində çətinliyin nə olduğunu bilmirəm. Amma həyatdır,  hər şey ola bilər. İnanıram ki, istənilən çətinliyin öhdəsindən gələcək gücdəyəm. Allahdan istədiyim yeganə can sağlığıdır. Hər səhər gözümü açanda da, yatanda da həmişə Allaha şükür edirəm.

- Qadına bəzən güclü varlıqdan da əlavə "fəlakət" deyirlər. Bəs sizə görə qadın kimdir?

- Qadın güclü varlıqdır, yeri gələndə özünü fəda edir. Xüsusilə Azərbaycanımızda bu cür xanımlarımız çoxdur. Mən həmin qadınları çox sevirəm, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm. Bəzən deyirlər ki, qadın baxımlı olmalıdır. Bir xanım da deyir ki, "sənin nə xəbərin var ki, mən nələr çəkirəm?". Həmin sözü deyən xanımları elə başa düşürəm ki... İstənilən işi görəndə, istənilən suala cavab verəndə düşünürəm ki, axı mənə ziyalı xanımlarla yanaşı, işgüzar, kişi işi görən xanımlarımız da baxır. Bütün bu qadınların ortaq nöqtəsi güclü olmaqlarıdır. Yaşasın Azərbaycanın mərd və cəsarətli qadınları!

- Baxımlılığınıza çox pul xərcləyirsiniz?

- Bu suala elə cavab verəcəyəm ki, bəlkə də bir çoxları "budur sənin səmimiyyətin?" deyəcəklər (gülür). Mən gözəlliyə qətiyyən pul xərcləmirəm. Allahın yaratdığına şükür edirəm. Deyə bilmərəm ki, mən heç vaxt əməliyyat etməyəcəyəm! Əgər problemli bir nahiyə olsaydı, müraciət edə bilərdim. Bəzən elə bilirlər ki, burnum əməliyyatdır, yanağımda və dodağımda botoks var. Bu, Allahın yaratdığı Lalədir, heç bir estetik əməliyyat etdirməmişəm. Gözəlliyimi qorumaq üçün qəlbimi gözəl tuturam, xərclədiyim pul da suya gedir. Bolluca su içirəm. Çünki dərimizi başqa cür saxlamaq mümkün deyil.

- Qısqandığınız qadın varmı?

- Adətən deyirlər ki, qadınlar qadınları qısqanır. Sizi əmin edim ki, gözəl xanım görəndə mütləq fikrimi bildirirəm. Çünki qadınlar da var, demirlər. Elə mənə də yaxınlaşıb fikir deyirlər. Çox bəyəndiyim qadın olarsa, onu qısqanmaqdan çox, ona bənzəməyə çalışaram. Qısqanclıq mənim aləmimdə özünə inamsızlıqdır. Ən sonuncu dəfə bu sözləri dediyim qadın bizim dəyərli millət vəkilimiz Jalə Əliyeva idi. O sürətlə bir çəki vermişdi, ona yaxınlaşıb dedim ki, siz necə də gözəl görünürsünüz.

- Sizə 1 dəqiqə vaxt verirlər və sizin çıxışınızı bütün dünya ictimaiyyəti eşidir. Nə deyərdiniz?

- Deyərdim ki, mən günü-gündən çiçəklənən Azərbaycanın vətəndaşıyam! Mən həmin o dəqiqəni maksimum vətənimdən danışardım. Dünyadakı insanlara Azərbaycanı tanımağa, ədalətli, sülhün bərqərar olduğu, yüksələn templə inkişaf edən bir ölkənin vətəndaşı olduğumu deyərdim.

- Kişi olsaydınız, qadınlara nələrin ikrah doğurucu olduğunu söylərdiniz?

- Süniliyin! Bizim xanımların bəziləri istər estetik görüntü baxımından, istərsə də davranışlarında süniliyə çox yer ayırırlar ki, bu da insanda ikrah hissi doğurur. Səmimi və təbii olmalısan!

- Hamının içində bir uşaqlıq var. Uşaq oyuncaq dükanından hələ də götürmək istədiyiniz oyuncaq hansıdır?

- Bəli, mənim içimdə də bir uşaqlıq var. Bəzən o, mənim uşaqlarımla da yoldaşlıq edir. Oyuncaq götürmək istəsəm, mətbəxlə bağlı oyuncaqları götürərdim. Uşaq vaxtı da bunları çox sevirdim. Bəlkə də bu, onunla bağldır ki, mətbəxi çox sevirəm. Həm özüm qurmanam, həm də dadlı yeməklər hazırlamağı bacarıram. Ev işləri ilə heç aram yoxdur, amma mətbəximi heç kimə vermərəm.

- Səmimi müsahibəyə görə çox sağ olun!

- Siz də sağ olun ki, dəyərli vaxtınızı mənə ayırdınız! Sizin saytınıza və bizim müsahibəmizi oxuyacaq olan oxuyuculara öncədən təşəkkür edirəm. İşdə masamın arxasında əyləşərkən ilk müraciət etdiyim 4, maksimum 5 sayt var ki, onlardan biri də sizin saytınızdır. Milli.Az, həqiqətən də, mənə doğma olan saytdır.

Əli Novruzəliyev
Milli.Az