III "Məmməd Araz Poeziya günü"nün Neftçalada düzənlənən növbəti tədbirinin devizi belə idi

Neftçala rayon mərkəzi kitabxanasının həyətində məktəblilər qonaqları - millət vəkili, yazıçı Aqil Abbası, "Ədalət" qəzetinin Baş redaktoru, əməkdar jurnalist İradə Tuncayı, "Ədəbiyyat qəzeti"nin Baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turanı, ADPU-nun elmi işçisi Mehriban Sərdarovanı, "Məmməd Araz Poeziya günü" layihəsinin rəhbəri Qardaşxan Əzizxanlını gül-çiçəklə qarşıladılar,-şairin qızı, tanınmış yazarlar onlarla görüşə gəlmişdi.

4 oktyabrda Neftçala rayon Mərkəzi kitabxanasında III "Məmməd Araz Poeziya günü" və şairin 85-illik yubileyi münasibətilə keçirilən "Azərbaycan-dünyam mənim" adlı ədəbi gecə ənənəvi olaraq unudulmaz ustad sənətkarın lentə alınmış öz ifasında səslənən şeiri ilə başladı.

Foyedə şairin kitablarından, hikmətli söz, aforizm səciyyəli misralarından ibarət sərgi təşkil olunmuşdu.

Kitabxana direktoru Gülnarə Qasımova, şöbə müdiri Bədirə Niftaliyeva, Dördlər kənd kitabxanasının müdiri Mehriban Əbilova qonaqları salamladılar.

Yaşlı nəsildən AYB üzvləri Soltan Abbas, İmamverdi Zeynalov, həmçinin Əməkdar müəllim Tədbir Mahmudov M.Arazla bağlı xatirələrini söylədilər. Gənc şair Elnur Uğur, dil-ədəbiyyat müəllimi Etibar Əbilov M.Araz poeziyasına heyranlığını bildirdilər.

Tədbirdə Muğan liseyi, Surra kənd məktəbi, şəhər 1, 4 saylı orta məktəblər, Bankə qəsəbəsi 1 saylı orta məktəbi təmsil olunurdu. Çıxış edən məktəblilər- Şahnaz Əskərzadə, Sonaxanım Nağızadə, Çinarə Nağıyeva, Miranə Babayeva, Elvin Gözəlov, Jalə Bayramova, Nərgiz Əliyeva, Əlimirismayıl Hüseynzadə, Fatimə Kərimova, həmçinin Neftçala səhər Bələdiyyəsinın əməkdaşı Jalə Sərdarzadə Məmməd Arazın şeirlərini ifa etdilər.

A.Abbas, A.Turan, İ.Tuncay, M.Sərdarova və Q.Əzizxanlının çıxışlarının məzmununu isə bütövlükdə unudulmaz şairin bu misraları çox yaxşı ümumiləşdirdi:

Bu gün gərək
Hər anımız Vətən! - desin!
Qılıncımız, qalxanımız
Vətən! - desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! - desin.
Vətən! - desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! - desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! - desin...

Tədbirin sonunda məktəblilər Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsəkkürnamələri ilə təltif olundular.

Milli.Az