Rusiya prezidenti Vladimir Putinin Bakı səfəri və
Azərbaycan prezidenti İlham Əliyevlə apardığı müzakirələr regionun
əsas gündəmidir. Səfər və Bakıda müzakirə olunan məsələlərlə bağlı
ekspert dairələri müxtəlif versiyalar irəli sürürlər. Rusiyanın
“Pravda” nəşrinin səfərlə bağlı yayımladığı məqalə də bu kontekstdə
diqqət çəkir.
Publika.az xəbər verir ki, nəşrin “Putinin Bakı səfəri:
Qarabağı böldülər?” sərlövhəli məqaləsində Putinin Bakıya
Rusiya-Azərbaycan regionlararası forumunda iştirak və cüdo üzrə
dünya çempionatının final mərhələsinə baş çəkmək üçün getdiyi,
lakin bağlı qapılar arxasında hərbi-texniki əmkdaşlığın, Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Dağlıq Qarabağ məsələsinin
nizama salınmasının müzakirə edildiyi qeyd olunur.
“Kremldə bu yaxınlarda Bakıya gələn İsrailin müdafiə naziri Aviqdor
Libermanın səfəri yaxından izlənilirdi. Liberman Azərbaycana ən
müasir hava hücumundan müdafiə sistemlərinin çatdırılacağı sözünü
verdi. Bundan başqa, Azərbaycan İsraildən pilotsuz təyyarələri
almağa davam edəcək. Təbii ki, Moskva İsrailin təşəbbüslərini
qabaqlamağa çalışır. Kreml Cənubi Qafqazın hərbi əməkdaşlıq etdiyi
əsas ölkəsinin İsraillə çox da yaxınlaşmasını istəməzdi. Bəs,
Rusiya əvəzində Azərbaycana nə təklif edə bilər? Sentyabrın 1-də
Soçidə keçirilən görüşdə İlham Əliyev bildirdi ki, “Azərbaycan son
10 ildə Rusiyadan 5 milyard dollar həcmində silah aldı və bu rəqəm
artacaq”. İki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələsi o
sualı yenidən aktuallaşdırır ki, “Azərbaycan MDB-nin müdafiə
ittifaqının – KTMT – tamhüquqlu iştirakçısı olmağa hazırlaşırmı,
heç olmasa Rusiya silahını dünya qiymətlərinə yox, daxili bazar
qiymətlərinə almaq üçün... Lakin Azərbaycan Qoşulmama Hərəkatının
iştirakçısıdır və bu, onun öhdəsinə hər hansı hərbi ittifaqa daxil
olmamağı qoyur. Bununla belə, İlham Əliyev güzəştə gedə və KTMT ilə
əməkdaşlığa başlaya bilər. Lakin bu güzəştin qarşılığında Putinə
saziş təklif edir: Bakı KTMT-yə daxil olur, Rusiya isə işğal
altındakı Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun heç olmasa
beşinin azad edilməsi üçün Azərbaycan Ordusunun ildırımsürətli
hərbi əməliyyatına mane olmur. Putinin bu təklifə reaksiyası
hələlik məlum deyil. Mümkündür ki, o, belə bir saziş haqqında
düşünmək üçün pauza götürdü. Analitiklər hesab edirlər ki, hər şey
Ermənistanın yeni lideri Nikol Paşinyanın özünü aparmasından asılı
olacaq. Əgər Paşinyan Ermənistanı Moskvanın orbitindən çıxarmaq və
Avropa İttifaqı ilə NATO-ya yaxınlaşmaq kursu götürəcəksə onda
Moskva Bakının təklif etdiyi sazişi sevə-sevə qəbul edəcək”, - deyə
məqalədə bildirilir.
Nəşr qeyd edir ki, saziş baş tutarsa, erməni hərbi birləşmələrinin
işğal edilmiş ərazilərdən çıxarılması Moskva üçün Paşinyanın da
siyasi oyundan çıxarılması ilə nəticələnəcək: “Təbii ki, İrəvanın
cəbhədə məğlubiyyəti Paşinyanın ölkədən qaçması ilə nəticələnə
bilər. Lakin Ermənistanın indiki hakimiyyəti hadisələrin belə
inkişafının risklərini anlayır, buna görə də Qərbə tələsmədən
addım-addım yaxınlaşır və Rusiya ilə də dostluq münasibətləri
saxlamağa çalışır. İrəvanda Putinin Bakı səfəri diqqətlə
izlənilirdi. Onlar səhnə arxası danışıqların nəticələri haqqında
öyrənməyə cəhd edirlər. Putin Bakı səfərindən sonra MDB dövlət
başçılarının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşdü.
Gözlənilir ki, Putin orada İlham Əliyevə Paşinyanın görüşünü təşkil
etsin, lakin Paşinyan belə görüş üçün ilkin şərt irəli sürür. Digər
tərəfdən, Azərbaycan lideri erməni baş nazirlə görüşə cəhd etmir və
Paşinyanın Qarabağın danışıqlar masasına əyləşməsi istəyini qəti
şəkildə rədd edir”.
Məqalədə regiondakı siyasi situasiyanın mürəkkəb olduğu
vurğulanır.
“Azərbaycan KTMT-yə daxil olmur. Sentyabrın 27-də MDB ölkələrinin
hava hücumundan müdafiə güclərinin birgə təlimində də iştirak
etmir. Hesab etmək olar ki, mürəkkəb geosiyasi oyunda paylar
edilib: Qarabağda hələlik status-kvonun kəskin dəyişikliyi
gözlənilmir, lakin Bakı Qarabağ ətrafındakı rayonların ilkin
mərhələdə beşinin azad edilməsi planını işə salır. Və bu yaxınlarda
Azərbaycan və Türkiyə qoşunları hərbi aviasiyanın da daxil olduğu
birgə parad keçirdi. Bütün bunlar münaqişə zonasında hərbi
addımların yenilənməsi ehtimalını istisna etmir”, - deyə nəşr
yazır.
Asif