Bakıda mühafizəçi əvvəllər qoruduğu mağazanı qarət edib. O, obyektdən içində külli miqdarda pul olan seyfi oğurlayıb. Seyfi kəsib içindəki pulları götürdükdən sonra onu tullayıb.daha bir oğurluq isəpaytaxtdakı ticarət mərkəzlərindən birində baş verib. Həmin an təhlükəsizlik kamerasına da düşüb.

Əvvəllər qoruduğu mağazanı qarət edib. İçi pulla dolu olan seyfi oğurlayıb.

Hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Obyekt sahibi ərazi üzrə 13-cü polis bölməsinə məlumat verib ki, geyim əşyaları satılan mağazasından içində 45 min 116 manat olan seyf naməlum şəraitdə oğurlanıb.

Məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Neftçala rayon sakini Seymur Piriyev tərəfindən törədildiyi müəyyən edilib və o, saxlanılıb. Araşdırma zamanı məlum ki, saxlanılan şəxs həmin obyektdə mühafizəçi işləyib və təxminən iki ay əvvəl işdən çıxarılıb. Bu səbəbdən Seymur Piriyev seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində pul olması barədə məlumatlı olub.

Oğurluq hadisəsi barədə 13-cü Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon polis idarəsinə göndərilib.

Bakıda digər oğurluq hadisəsi isə ticarət mərkəzlərinin birində qeydə alınıb. Hadisə ötən gün axşam saatlarında Neftçilər prospektindəki ticarət mərkəzində geyim mağazalarının birində baş verib. Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına da düşüb. Görüntülərdən aydın olur ki, mağazaya müştəri kimi daxil olan bir qadın əvvəlcə vitrində olan paltarlara baxır. Daha sonra yerdə olan qadın çantasını götürüb mağazanı tərk edir. ''Xəzər Xəbər''in votsap nömrəsinə məlumat verən qadın iddia edir ki, naməlum şəxs onun içərisində 800 manat pul, bahalı ətir və sənədləri olan çantasını oğurlayıb. Qadın hadisədən sonra ərazi üzrə Səbail rayon 39-cu polis bölməsinə məlumat verib. İndi polis görüntülər əsasında həmin qadını axtarır.

Milli.Az