ABŞ Dövlət katibi Mayk Pompeo Nyu-Yorkda Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho ilə görüşüb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xarici işlər nazirliyinin sözçüsü Hezer Nauert yazılı açıqlama yayıb. Açıqlamada deyilir ki, görüş zamanı Kim Çen In Mayk Pompeonu Pxenyana dəvət edib:

“Dövlət katibi Mayk Pompeo, Sinqapur zirvə görüşündəki sözlərin, eyni zamanda Şimali Koreya tərəfindən nüvə silahlarının yox edilməsi sözünün yerinə yetirilməsi və ABŞ prezidenti Donald Trampın Kim Çen Inla ikinci zirvə görüşünə hazırlaşmaq üçün dəvəti qəbul edib”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp BMT-də jurnalistlərə açıqlaması zamanı bildirib ki, yaxın gələcəkdə Şimali Koreya lideri Kim Çen Inla yenidən görüşəcək. ABŞ lideri Şimali Koreya lideri Kim Çen Inla yeni görüş hazırlığının aparıldığını və hazırda Koreya Yarımadasının nüvəsizləşdirilməsi məsələsində xeyli irəliləyişə nail olunduğunu bildirib: “Mən Şimali Koreya liderilə ən yaxın gələcəkdə görüşəcəyəm. Görüşün harada və nə vaxt olacağı barədə məlumat verəcəyik”.

Xatırladaq ki, bu il iyunun 12-də ABŞ və Şimali Koreya liderləri arasında yüksək səviyyəli görüş keçirilib. Sammitin yekunları ilə bağlı Tramp və Kim Çen In birgə bəyannamə qəbul ediblər. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğu, Vaşinqton isə bunun əvəzində Şimali Koreyaya təhlükəsizlik zəmanəti verilməsi barədə öhdəlik götürüb.

Günay Elşadqızı / METBUAT.AZ