Rusiya prezidenti Vladimir Putin ötən gün Sergey Morozova Həştərxan vilayəti qubernatorunun səlahiyyətlərinin müvəqqəti icraçısı olmağı təklif edib.

Metbuat.az-ın məlumatına görə, bu barədə Rusiya Federasiyası prezidentinin rəsmi saytında məlumat verilib. Putin Morozova bildirib ki, Rusiya müdafiə nazirinin köməkçisi, Federal Gömrük Xidməti rəhbərinin müavini olduğu müddətdə o, işinə çox məsuliyyətlə yanaşıb. Putinin sözlərinə görə, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin uzun müddətdir həmin işdədir və başqa iş yerinə keçirilməsini xahiş edib.

Rusiya prezidenti bildirib ki, Həştərxan vilayəti xarici iqtisadi fəaliyyətlə sıx bağlıdır və regionda istehsal olunan ümumi məhsulun təqribən 13 faizi xarici iqtisadi fəaliyyətin hesabına formalaşır. Putin bildirib ki, bu regionun iqtisadiyyatı çox cəhətdən Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə xarici iqtisadi fəaliyyətlə bağlıdır.

Morozov göstərilən etimada görə təşəkkür edərək bu işə hazır olduğunu bildirib.

Günay Elşadqızı / METBUAT.AZ