Oktyabrın 26-30-da Azərbaycanda ilk dəfə olaraq beynəlxalq “İnnovasiyalar həftəsi” keçiriləcək.

Publika.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Heydər Əliyev Mərkəzi ilə birgə keçirdiyi layihə çərçivəsində yüksək texnologiyalar, innovasiyalar sahəsində ən son yeniliklərlə tanışlıq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək, eləcə də dünyanın ən ağıllı robotu hesab olunan “Sofiya” ilə ünsiyyət qurmaq imkanı yaranacaq.

Bu gün Heydər Əliyev Mərkəzində “İnnovasiyalar həftəsi”ilə bağlı tədbir keçirilib.

Heydər Əliyev Mərkəzinin nümayəndəsi Orxan Həbibov bildirib ki, Mərkəz fəaliyyət göstərdiyi müddətdə digər sahələrlə yanaşı, informasiya texnologiyaları sahəsində də bir sıra layihələr həyata keçirib. Bu baxımdan Heydər Əliyev Mərkəzi ölkəmizdə ilk dəfə təşkil olunacaq beynəlxalq “İnnovasiyalar həftəsi”nin tərəfdaşları sırasında da yer alır. Qeyd olunub ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birgə həyata keçiriləcək layihə çərçivəsində gənclər yüksək texnologiyalar və innovasiyalar sahəsində ən son yeniliklərlə tanış olmaq, konfrans, forum və yarışlarda iştirak etmək, təşkil olunacaq sərgini ziyarət etmək imkanı əldə edəcəklər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İnformasiya cəmiyyətinin və elektron idarəçiliyin innovativ inkişafı şöbəsinin müdiri Rəşad Əzizov məlumat verib ki, “İnnovasiyalar həftəsi” çərçivəsində Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, Azərbaycan Kiber İdman Federasiyası, “Keepface”, “Microsoft” və digər şirkətlərin dəstəyi ilə silsilə tədbirlər təşkil olunacaq.

O, həmçinin qeyd edib ki, “İnnovasiyalar həftəsi”ndə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Microsoft” şirkətinin təşkil etdiyi “dəyirmi masa”da investisiya mühitinin inkişafı ilə bağlı məsələlər müzakirə olunacaq, Azərbaycan Kiber İdman Federasiyası ilə birgə “Baku Open Cyber Cup” turniri keçiriləcək.