Almaniyada keçirilən Karate1 turnirində komandamız dörd medal uğrunda mübarizə aparıb.

Mətbuat.az xəbər verir ki, öncə yığma komandamızın üzvü Firdovsi Fərzəliyev tatamidə üçüncü yer uğrunda gücünü sınayıb. Qazaxıstan idmançısı Kaysar Alpisbay ilə qarşılaşan döyüş ustamız qələbə qazanıb - 2:0.

Dünya karate aləminin brilyantı sayılan Rafael Ağayev finalda yaponiyalı Yusey Sakimaya ilə qarşılaşıb. Döyüş idmançımızın üstünlüyü ilə keçsə də, Yaponiya təmsilçisi xal sayına görə qalib gəlib - 6:3.

Daha bir gümüş medalı yığmamıza İrina Zaretska qazandırıb. Qadınlar arasında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finala qədər inamla addımlasa da, həlledici görüşdə türkiyəli karateçi, Eda Eltemurlanın öhdəsindən gələ bilməyib. Türkiyə təmsilçisi döyüşdə qələbə qazanıb - 7:4.