"Azərbaycanda din dövlətdən ayrıdır və dövlət dinə müdaxilə etmir".
Publika.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, münasibətlər dünyəvilik prinsipi əsasında həyata keçirilir:
"Dünyanın bir çox ölkələrində bu prinsip tətbiq edilir. Sovet dövründə dini mərasimlərin həyata keçirilməsinə maneçilik törədilirdi, lakin Azərbaycan müstəqillik əldə edəndən sonra dövlət din münasibətləri öndə duran məsələlərdən idi və dövlətin din sahəsində siyasəti də Azərbaycan konstitusiyasında təsbit olunub".
M.Qurbanlı bildirib ki, Azərbaycanda dövlət dinin işinə qarışmır, dinin qəbul etdiyi fətvalar da vətəndaşlar üçün icbari xarakter daşımır:
"İstər İslam dini olsun, istərsə də digər dinlər, dövlət dini mərasimlərin necə keçirilməsinə müdaxilə etmir və din də dovlət siyasətinə müdaxilə etmir. Azərbaycandan kənarda, digər müsəlman ölkələrində hansısa bir fətva verilirsə, bu bizə şamil edilmir. Azərbaycanda yalnız Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvalar qəbul edilir”.
M.Qurbanlı kənar qüvvələrin din adı altında yanlış əməlləri Azərbaycanda tətbiq etmələrinə də aydınlıq gətirib:
“Birincisi, ölkəmizdə qanun bu kimi halların təbliğinə şərait yaratmır. Biz öz yolumuzla gedirik. Bizim üçün dövlət müstəqilliyimiz, azərbaycançılıq ideoligoyası müqəddəsdir, dinimiz bizim mənəvi dəyərlərimizdir və biz bunu qorumalıyıq. Məhərrəm ayı başlayır və bütün tədbirlər, o cümlədən aşura yalnız QMİ-nin fətvası əsasında keçirilməlidir, vətəndaşlarımız da qanundan kənar hərəkətlərə yol verilməməlidir, bütün tədbirlər məscidlərin içərisində olmalıdır, kənar atributlar məscidlərə gətirilə bilməz”.
Könül Cəfərli