Vətəndaş məmnunluğu ilə yanaşı, sosial layihələrlə də diqqət çəkən “ASAN xidmət” fiziki imkanı məhdud gəncləri mərkəzlərinə cəlb etməkdə davam edir.

Sənan Kənan oğlu Ələsgərov da həmin şəxslərdən biridir. O, hazırda “ASAN xidmət” mərkəzində İnsan resursları və təlim şöbəsinin baş mütəxəssisi, həmçinin Sağlamlıq imkanları məhdud gənclərlə iş departamentinin müdiridir. Sənan 20 yaşı olmasına baxmayaraq, öz üzərində çox çalışıb. “ASAN xidmət” mərkəzinə gələnə kimi Qeyri Hökumət Təşkilatlarının (QHT) layihələrinə qoşularaq, özü kimi fiziki imkanları məhdud gənclərin təhsil almalarına dəstək olub. Həmin şəxslərin cəmiyyətə inteqrasiya olunmasıyla bağlı təlimlər təşkil edib. Daha sonra “ASAN xidmət” mərkəzlərində könüllü olaraq fəaliyyətə başlayıb. O, ilk dəfə işə qəbul olan zaman tərəddütlərinin olduğunu etiraf edib:

“İşlə bağlı tərəddütlərim vardı. Çünki necə qarşılanacağımı bilmirdim. Amma hazırda elə bir kollektivlə çalışıram ki, sanki bir evimdən çıxıb, digər evimə gəlirəm. Burada sağlamlıq imkanları məhdud gənclərlə iş departamenti yaradılıb. Biz fiziki məhdudiyyəti olan şəxsləri könüllülüyə cəlb edirik. İş həyatına adaptasiya olmasında onlara yardım etmək istəyirik. Bu günə kimi bir çox sosial layihələrimiz olub. Bir ildir ki fəaliyyətdəyik. Artıq 50-yə yaxın könüllünü mərkəzimizə cəlb edə bilmişik”.

Sənan özünü heç vaxt fiziki məhdudiyyətli insan kimi qəbul etmədiyini bildirir. Onun fikrinə görə, məhdudiyyət adlı bir qavrayış yoxdur:

“Hər birimiz insanıq. Sadəcə bəzi çətinliklər var. O çətinlikləri də aşmaq insanın öz əlindədir. Bütün məhsusiyyətli insanları “ASAN xidmət” mərkəzlərinə dəvət edirəm. Könüllü olaraq dövlətə xidmət etmək çox gözəl bir hisdir. Qorxmasınlar. Dövlət müəssisəsində, dövlət qulluğunda çalışmaq çox başqa bir hisdir. Əvvəllər özümlə bağlı hər hansı bir tərəddütüm vardısa, indi yoxdur. Həftənin 6 günü səhər 9:00-dan axşam 18:00-ya kimi işləyirəm”.

Sənan “ASAN xidmət” mərkəzinə gələndən sonra həyatının çox dəyişdiyini deyib:

“Bu gün burada olduğuma görə, ilk növbədə ölkə rəhbərinə, daha sonra “ASAN xidmət”in rəhbəri Ülvi Mehdiyevə və bu vəzifəyə məni layiq gördükləri üçün digər şəxslərə təşəkkür edirəm. Bu etimadı doğrultmağa çalışıram. Ümid edirəm ki, vəzifənin layiqincə öhdəsindən gəlməyə çalışacam. Hazırda ən böyük hədəfim evlərdə məhdudiyyətli şəxsin qalmamasıdır”.

Sənan sonda Metbuat.az vasitəsilə fiziki məhdudiyyəti olan gənclərin valideynlərinə səslənib:

“Valideynlərə məsləhət görərdim ki, onlar övladlarını cəmiyyətdən təcrid etməsinlər. Onların inkişaf etmələri, şəxsiyyət olaraq yetişmələri üçün əllərindən gələni etsinlər. Çünki dövlətimiz bizim üçün hər bir şəraiti yaradıb. Onların təhsilə, digər pedaqoji fəaliyyətə cəlb olunması təmin edilib. Bizim boynumuza düşən vəzifə onlardan istifadə etməkdir. Onun üçün buradan birbaşa valideynlərə səslənirəm ki, övladlarını evdə gizlətməsinlər. Bu gün elə valideynlər var ki, övladları fiziki qüsurlu olduğu üçün ondan utanc hissi keçirirlər. Əslində, onlar övladlarını cəmiyyətə faydalı olan şəxsiyyət kimi yetişə bilərlər”.

Sənan gördükləri işlərlə bu gün nəinki fiziki məhdud gənclərə, hətta sağlam insanlara belə örnək göstərilə bilər…

“ASAN xidmət” mərkəzinin digər fiziki imkanları məhdud işçilərindən biri də, Vüsalə Akif qızı Kərimovadır. O, 1 saylı “ASAN xidmət” mərkəzində baş mütəxəssis vəzifəsində çalışır. Vüsalə 2013-cü ildə mərkəzdə könüllü olaraq fəaliyyətə başlayıb. Bildirir ki, “ASAN xidmət” mərkəzinə gəlməzdən öncə çox böyük tərəddütləri olub. Lakin bura gələndən sonra bütün tərəddütləri yoxa çıxıb:

““ASAN xidmət” mərkəzində işə qəbul olunduğum ildə ali məktə daxil oldum. Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bu il bitirdim. Hazırda dövlət qulluğuna imtahan verməyə hazırlaşıram. Özümü daha da təkmilləşdirməyə çalışıram. “ASAN xidmət” mərkəzi birbaşa vətəndaşlarla ünsiyyət, münasibət məsələlərini tənzimlədiyi üçün bura gəlişim həyatımda çox şeyi dəyişdi. Həm mənəvi, həm də psixoloji olaraq təkmilləşməyimə səbəb oldu. “ASAN xidmət” mərkəzi mənim üçün çox böyük bir məktəbdir. Həftənin 5 günü saat 09:00-dan 17:00-a kimi çalışram. Bütün vəzifələrdə olduğu kimi hərdən insan yorulur. Amma çalışmaq, özümü dolandırmaq mənim ən böyük arzum olub. Ona görə də, bu yorğunluq mənə xoş olur. Hazırda hədəfim dövlət qulluğunda imtahan verib, inzibati vəzifələrdən birini tutmaqdır”.

Vüsalə işdə olan zaman özünü fiziki məhdudiyyətli biri kimi hiss etmədiyini bildirib:

““ASAN xidmət”in binasından içəri daxil olan zaman əlil arabasında olduğumu hiss etmirəm. Özümü onlardan biri kimi hiss edirəm. Çünki həm müdriyyət, həm əməkdaşlar, həm də vətəndaşlar tərəfindən qəbul edilmişəm. Onlar məni özlərindən biri kimi görürlər. Ona görə də, özümü burada daha yaxşı hiss edirəm. “ASAN xidmət” mərkəzlərinin rəhbər heyətindən tutmuş bütün işçilərə qədər hamısına təşəkkür edirəm. Nəinki mənə yaratdıqları bu şans üçün bütün vətəndaşların rahatlığını, məmnunluğunu düşündükləri üçün dərin təşəkkürümü bildiririəm. Bu, təkcə mənim təşəkkürüm deyil, hər gün yüzlərlə vətəndaşdan eşitdiyim təşəkkürlərdir”.

“Fiziki məhdudiyyəti olan insanın qəlbində cəmiyyətə qarışmaq hissi çox olmalıdır”- deyən Vüsalə bu işdə ən böyük dəstəyin ailədən gəldiyini qeyd edib:

“Ailə bu məsələlərin tənzimlənməsində çox böyük rol oynayır. Ailəmin, tanışların, qohumların, hətta qonşuların dəstəyinin də mənim üçün çox böyük rolu var”.

Xəyalə Məmmədova / METBUAT.AZ