“Prezident İlham Əliyevin Soçidə Rusiyalı həmkarı
Vladimir Putinlə görüşü və imzalanan sənədlər deməyə əsas verir ki,
Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlər
növbəti dövrdə daha da inkişaf edəcək. Bu, hər iki ölkənin iqtisadi
maraqları baxımından çox vacibdir”.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan və
Rusiya liderlərinin Soçi görüşünü şərh edən iqtisadçı ekspert Vüqar
Bayramov deyib.
Onun sözlərinə görə, Soçi görüşündə regionun inkişafı üçün kifayət
qədər əhəmiyyətli sənədlər imzalanıb: “Bu müqavilələr hər iki
dövlətin milli maraqlarına uyğundur”.
V. Bayramov əlavə edib ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizi regionun əhəmiyyətini artırır.
“Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin
Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda,
gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə
strateji müttəfiqliyinin genişləndirilməsinə xidmət edəcək
sənədlərdir. Rusiya iqtisadi baxımdan Azərbaycan üçün strateji
müttəfiqlərdən biridir. Rusiya Azərbaycanın qeyri-neft ixracında
əsas tərəfdaşdır. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft
ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki,
Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım
milyard dollardır. Azərbaycanın ixrac etdiyi aqrar məhsulların 90
faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya
qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş
rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan üçün regionda
iqtisadi layihələrin reallaşdırılması baxımından strateji
müttəfiqlərdən biridir. Azərbaycanın Rusiyada sərmayəsi var. Rusiya
Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir.
Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata
keçirir”, - deyə iqtisadçı ekspert vurğulayıb.