"Ataların gözəl misalı var, deyir, oturub-durduğun adamı göstər sənin kim olduğunu deyim. Ermənistanın ətrafına yığılan kloun və təlxək yığını da elə onların kim olduqlarından və nəyə qadir olduqlarından xəbər verir".

Bu sözləri Publika.az-a millət vəkili Elman Məmmədov Ermənistanın işğal etdiyi Dağlıq Qarabağa Avropa Parlamentinin deputatı, yalnız bir nəfərdən ibarət siyasi partiyanın rəhbəri olan, qeyri-ciddi şəxs kimi qiymətləndirilən Martin Sonneborn gətirilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu cür təlxəklər, pul xətrinə və ya hər hansı şəxsi maraqları üçün belə addımlar ata bilir:

“Özünə hörmət edən heç bir şəxs, heç bir siyasətçi və ya cəmiyyətdə özünün müəyyən nüfuzu olan insan Ermənistanın qondarma iddialarına uyub, Azərbaycanın işğal altında saxlanılan Dağlıq Qarabağ ərazisinə icazəsiz daxil olmaz. Yalnız qeyd etdiyim kimi şəxslər bu addımı ata bilər. Cinayətkar adamlardır də. Nə gözləyirik ki? 20 ildən çoxdur ki, Azərbaycan sülh yolu ilə onlara, dünya ölkələrinə həqiqətləri çatdırmağa çalışır. Cinayətkarlar tərəfindən idarə olunan Ermənistandan normal addım gözləmək olmaz. İndi də hakimiyyətin idarəsini ələ almağa çalışan Paşinyanın özü də onlardan geri qalmır. Onların aqibətinin nə olacağı bəlli deyil. Gedib Amerikadan dələduzu, qumarbazı tutub gətiriblər ki, sən burda klounluq elə,qumar məclisi düzəlt ki, camaatın bura diqqəti artsın. Allah bilir sabah ondan da gülməli bir fiquru götürüb gətirəcəklər Qarabağa ki, gündəmə gəlsinlər. Azərbaycan ərazilərinə qanunsuz olaraq gələn şəxslər kimliyindən asılı olmayaraq cəzalanmalıdır. Onların birmənalı olaraq qarşısı alınmalıdır. Bunun üçün Azərbaycan kifayət qədər etiraz edir, bəyanatlar verir, arzuolunmaz şəxslər siyahısı tərtib edirik və s. tədbirlər görürük, ancaq təəssüf ki, bunlar kifayət etmir”.

E.Məmmədov onu da əlavə edib ki, beynəlxalq şirkətlər Dağlıq Qarabağın Azərbaycanın ərazisi olduğunu tanıyır və bizim yanımızdadır:

“Bütün dünya ölkələri Ermənistanın işğalçı siyasətini tanıyıb. Lakin buna baxmayaraq, onlar bu ənməllərindən əl çəkmir. Bizim ərazi bütövlüyümüzün tanınması haqqına kifayət qədər arxiv, hüquqi baza yaradılıb. Biz bu sənədlərə, beynəlxalq qurumların bəyanatlarına istinad edərək fəaliyyətə keçməliyik. BMT-nin nizamnaməsinə, ölkə konstitusiyamıza uyğun olaraq bizim haqqımızdır ki, qanuni yollarla bizə aid olan ərazilər uğrunda mübarizəmizi sona qədər aparaq. Mən inanıram ki, yaxın gələcəkdə biz ərazimizdə kök salmış cinayətkarları təmizləyəcəyik”.

Könül