“Paşinyan hakimiyyəti iynə üstündədir və hər zaman
devrilmə təhlükəsi yaşayır”.
Bu barədə Publika.az-a açıqlamasında Azərbaycan
Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri
Ermənistan daxilindəki siyasi qarşıdurmanı şərh edərkən deyib.
Onun sözlərinə görə, devrilmiş Serj Sarkisyan və onun komandası
əliboş oturmayıb:
“Ermənistanda hələ də oliqraxiya sistemi davam edir və onlar öz
pullarını qoruya biliblər. Bu oliqraxiya sistemi Paşinyanın
əleyhinə işləyir. Digər tərəfdən Rusiya faktoru var. Rusiya təkcə
Ermənistana yox, həm də işğal edilmiş Dağlıq Qarabağ bölgəsində
yaradılmış separatçı hərbi xuntaya da nəzarət edir. Paşinyanın həm
Ermənistan daxilində, həm Rusiya ilə, həm də Qarabağ məsələsində
ciddi problemləri var”.

N.Miri Paşinyanın tez-tez Azərbaycanın işğal edilmiş ərazilərinə
səfər etməsinə diqqət çəkib.
“Qarabağdakı Saakyan rejimi Sarkisyanın nəzarətindədir. Paşinyan
Qarabağa tez-tez səfər edərək, buradakı mövqelərini bərkitmək
istəyir. Paşinyanın maliyyə problemləri ilə yanaşı, oturuşmamış
idarəetmə sistemi də var. O, yeni parlament seçkilərini keçirmək,
Sarkisyanın partiyasının parlamentdəki üstünlüyünü əlindən almaq və
yeni konstitusiya qəbul etmək istəyir. Lakin bu olduqca çətin
görünür. Hesab edirəm ki, Paşinyan bu məsələləri həll edə bilməsə,
devrilmə təhlükəsi həmişə mövcud olacaq. Bu baxımdan, o iynə
üstündə oturub”, - deyə politoloq qeyd edib.
Asif