Ötən həftə Ukraynanın Dövlət Müstəqilliyi Günündə Kiyevdə hərbi parad keçirilib.
Milli.Az UNİAN-a istinadən bildirir ki, Kiyevin mərkəzindəki Kreşatik küçəsində keçirilən, ölkənin dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş hərbi parad Ukrayna prezidenti Petro Poroşoenkonun çıxışı ilə başlayıb.
Müdafiə naziri Stepan Poltorak isə paradı qəbul edərkən hərbi salamlaşma qismində ilk dəfə olaraq Ukrayna Üsyançı Ordusunun devizi olan "Slava Ukraine- Geroyam Slava!" kəlmələrini söyləyib.
Daha sonra Ukraynanın şərqində separatçılara qarşı döyüşlərdə fərqlənənlərə orden və medallar təqdim olunub. Həlak olmuş hərbçilərin mükafatları onların ailə üzvlərinə verilib.
Paradda 250 hərbi texnika və 4500 hərbi qulluqçu vardı.
Paradda ilk dəfə olaraq An-178 nəqliyyat təyyarəsi, "Boqdana" qaubitsası, T-64BM "Bulat" tankı, "Olxa" reaktiv artilleriya sistemi, "Kozak" və "Dozor-B" zirehli maşınları, Rusiyanın "İsgəndər" raketlərinin alternativi olan "Qrom-2" operativ-taktiki raketləri nümayiş olunub.
Paradda ABŞ-ı prezident Donald Trampın müşaviri Con Bolton, Donbas üzrə xüsusi təmsilçi Kurt Uolker, ABŞ-ın Ukraynadakı səfiri Mari Yovanoviç və müdafiə naziri Ceyms Mettis təmsil edirdilər.
Parad əsnasında Litva, Polşa, ABŞ, Britaniya hərbçilərindən ibarət qruplar da Kreşatikdən keçiblər.
Milli.Az