Millət vəkili Qənirə Paşayeva Tovuzun Vahidli, Cəlilli və Düz Cırdaxan kənd orta məktəblərini ziyarət edib, müəllim və fəal şagirdlərlə görüşüb. axar.az məlumat yayıb.

Milli.Az bildirir ki, Qənirə Paşayeva gənclərimizi, hansı sahəyə can atmasından asılı olmayaraq, orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı yaxşı öyrənməyə çağırıb və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşdüyünü deyib.

"Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Hər bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və bu istiqamətdə müəllimlərimizin üzərinə böyük vəzifələr düşür", - millət vəkili bildirib.

Qənirə Paşayeva gəncləri mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlara vaxt ayırmamağa, əvəzində elm öyrənməyə, xüsusilə xarici dilləri mənimsəməyə zaman ayırmağa çağırıb.

Millət vəkili hər üç kənddən ali məktəblərə daxil olan gənclərlə də görüşüb. Onları hədiyyələri ilə təbrik edən və uğurlar diləyən Qənirə Paşayeva hər bir gənclə ayrıca söhbət edib, qayğıları ilə maraqlanıb, tələbəlik illərində yüksək səviyyədə təhsil almaqla yanaşı, ölkəmizin maraqlarının qorunmasında da fəal olmağa çağırıb.

Millət vəkili Vahidlidə müəllimləri və məktəb kollektivini yeni dərs ili münasibəti ilə öz hədiyyələri ilə təbrik edərək, ön cəbhəmizdə fəaliyyət göstərən məktəblərimiz və müəllimlərimizə uğurlar diləyib.

Milli.Az