Dövlətlərin maraqları ortada olarkən hər hansı qrupun keçirdiyi mitinq və ya məktub danışıqlar masasında deyil, çox uzaqda olar. AFR-in dövlət maraqları hissiyyatlardan və hər hansı qrupun maraqlarından qat-qat üstündür. Əgər belə olmasaydı, dünya siyasətində özünəməxsus rol oynayan indiki Almaniya da olmazdı.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Qasımlı deyib. O bildirib ki, Azərbaycan Respublikası və Almaniya Federativ Respublikasının münasibətlərini bir sıra amillər şərtləndirir:
“Hər şeydən əvvəl, bu münasibətlərin tarixi kökləri mövcuddur. Hələ orta əsrlərdən ilk əlaqələr var idi. Sonralar, XIX əsrdən almanlar ölkəmizdə məskunlaşıblar. Azərbaycan xalqı onlara xoş münasibət bəsləyib. Ortaq nikahlar da olub. I və II Dünya müharibələri zamanı Azərbaycana alman əsirləri gətirilimişdi. Bu gün ölkəmizdə alman əsirlərinin məzarları var və ən yaxşı şəkildə qorunur. II Dünya müharibəsindən sonra Qərbi Almaniyada və Qərbi Berlində azərbaycanlılar qalmış və öz təşkilatlarını qurmuşdular. AFR-də də azərbaycanlı məzarları var. Sovet dövründə AFR-in Lüdviqshafen şəhəri ilə Sumqayıt qardaşlamışdı və bu, indi də davam edir. AFR Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq tanıyan və səfirlik açan dövlətlərdən biri olub. Ölkəmizin Avropada ilk səfirliyi məhz AFR-də açılıb. Bütün bunlarla yanaşı, Azərbaycan-Almaniya münasibətlərinə təsir edən bir çox ciddi amillər var. Bunlar həm ikitərəfli, həm regional, həm də beynəlxalq çərçivədədir”.
Millət vəkili qeyd edib ki, Azərbaycan və Almaniyanın qarşılıqlı maraqları var:
“Həmin maraqlar cərgəsində siyasi, strateji, təhlükəsizlik, ticarət-iqtisadi, maliyyə, enerji, elmi-texniki, mədəni və humanitar əməkdaşlıq mühüm yer tutur. Almaniya Avropa İttifaqının aparıcı dövlətidir və əgər belə demək mümkündürsə, təşkilatın ağırlığını çəkir. Bu gün Azərbaycan Respublikası Avropa İttifaqı ilə geniş əməkdaşlıq edir və böyük perspektivlərə dair danışıqlar aparılır. Məlum olduğu kimi, cənab Prezidentimiz İlham Əliyev dəfələrlə Almaniyaya səfər edib, münasibətlərin hüquq-müqavilə bazası formalaşıb və möhkəmləndirilib. Azərbaycanın etibarlı tərəfdaş imici formalaşıb. Dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri həyata keçirilib. Ölkəmizə alman texnologiyası gətirilib. Almaniya ölkəmizin xarici ticarətində özünəməxsus yer tutur. A.Merkelin səfəri və keçirilən danışıqlar həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı münasibətlərdə yeni səhifə açacaq”.
Qeyd edək ki, Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkel ötən gün Azərbaycan Respublikasında səfərdə olub.