Günəş və ya Ay tutulması zamanı qadın heyz halındadırsa, pak olduqdan sonra ayat namazının qəzasını qılmalıdırmı?

Şəriətimizə görə, Günəş və Ay tutulması, zəlzələ, güclü şimşək, qorxulu külək kimi təbii hadisələr zamanı ayat namazı qılmaq vacibdir. Bunların şərti barədə risalələrdə ətraflı məlumat verilmişdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, ayat namazı da gündəlik namazlar kimi dəstəmazla qılınmalıdır. Heyzli qadın pak olmadığı üçün ayat namazını qıla bilməz və bu namazdan azaddır. Müctəhidlərimizin rəyinə görə, gündəlik namazlarda olduğu kimi, ayat namazında da heyzli qadının hökmü eynidir. Qadın heyzdən pak olduqdan sonra da ayat namazının qəzasından azaddır. Mərhum müctəhidlərdən Ayətullah Fazil Lənkəraninin fətvasına görə, ehtiyati-vacibə əsasən, qadın heyzdən pak olduqdan sonra ayat namazının qəzasını qılmalıdır.

Milli.Az