Naxçıvan, 22 aprel, AZƏRTAC
Muxtar respublikanın sosial-iqtisadi inkişafı hər bir yaşayış məntəqəsini əhatə edib. Bu gün ucqar və sərhəd kəndlərində genişmiqyaslı quruculuq tədbirləri görülür, müasir infrastruktur yaradılır. Şahbuz rayonunun Gömür kəndində də yeni sosial obyektlər inşa olunub, geniş abadlıq işləri aparılıb. Artıq bu sərhəd kəndi füsunkar təbiət mənzərələri ilə yanaşı, həm də müasir sosial infrastrukturu ilə diqqəti cəlb edir.
Gömür Kənd mərkəzinin açılışı olub
Aprelin 22-də Gömürdə yeni Kənd mərkəzi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.
Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mənsur Orucov çıxış edərək deyib ki, bu gün Şahbuz rayonu özünün müasir inkişaf dövrünü yaşayır. Rayonda aparılan kompleks quruculuq işləri ucqar Gömür kəndində də uğurla həyata keçirilib, insanların sosial problemləri həll edilib. Həmçinin xidmət sahələrində çalışan işçilər üçün nümunəvi iş şəraiti yaradılıb. Kənddə ailələr üçün fərdi evlər tikilib, əhalinin məşğulluğunun əsasını təşkil edən təsərrüfat sahələri genişləndirilib. Sakinlər insan amilinə xidmət edən bu işləri böyük rəğbətlə qarşılayırlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kəndində həyata keçirilən quruculuq işləri münasibətilə sakinləri təbrik edərək deyib: Gömür kəndində həyata keçirilən quruculuq tədbirləri ölkəmizdə kəndlərin inkişafına göstərilən dövlət qayğısının daha bir nümunəsidir. Dəniz səviyyəsindən 2200 metr yüksəklikdə yerləşən bu ucqar dağ və sərhəd kəndində yaradılan şərait insanların məskunlaşmasına, onların rahat yaşayışına, kəndlərin kompleks inkişafına, bir sözlə kəndlə şəhər arasındakı fərqin aradan qaldırılmasına xidmət edir. Gömür kənd sakinləri üçün rahat yaşayış şəraiti yaradılmışdır. Kənd tamamilə qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin edilmiş, müasir rabitə sistemi qurulmuş, poçt şöbəsi fəaliyyətə başlamışdır. Həmçinin kəndə fiber-optik kabel xəttinin çəkilməsi sürətli internetə çıxış imkanları yaratmışdır. Müasir tələblər səviyyəsində qurulan məktəb binası isə şagirdlərin yaxşı təhsil almasına imkan verəcəkdir.
Ali Məclisin Sədri deyib: Gömür kəndində yaradılan müasir infrastruktur, əhalinin rahatlığının təmin olunması istiqamətində görülən tədbirlər ölkəmizin iqtisadi inkişafının göstəricisidir. Hazırda 580 nəfərə yaxın əhalinin yaşadığı bu kənddə 157 nəfər dövlətdən əməkhaqqı, təqaüd və müavinət formasında vəsait alır, əməkhaqqına əlavə 30 faiz ödənilir. Kəndin təbii şəraiti kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə heyvandarlığın, arıçılığın və meyvəçiliyin inkişafı üçün əlverişlidir. Bu sahələrin inkişafı dövlət tərəfindən də dəstəklənilir, güzəştli kreditlər verilir, istehsal olunan kənd təsərrüfatı məhsullarının satışı təşkil olunur. 2015-ci il ölkəmizdə "Kənd təsərrüfatı ili" elan olunmuşdur. Ona görə də sakinlər yaradılan şəraitdən və göstərilən qayğıdan səmərəli istifadə etməli, kənd təsərrüfatının inkişafına öz töhfələrini verməlidirlər. Həmçinin qurulanlar qorunmalı, Gömür kəndi daha da inkişaf etdirilməli, insanlar burada rahat və firavan yaşamalıdırlar.
Ali Məclisin Sədri Gömürün bundan sonra da sərhəd kəndi kimi möhkəmlənməsi, burada insanların məskunlaşması və rahat yaşayışı sahəsində lazımi tədbirlərin həyata keçiriləcəyini bildirib, bu işdə kəndin zəhmətkeş insanlarının da iştirakının vacibliyini vurğulayıb, yeni sosial obyektlərdə əhaliyə nümunəvi xidmət göstəriləcəyinə əminliyini ifadə edib.
Açılışı bildirən lent kəsilib və mərkəzə baxış olub.
Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, kitabxana, feldşer-mama, baytarlıq və polis sahə məntəqələri, mədəniyyət evi və 60 yerlik iclas zalı vardır. Kənd mərkəzində yaradılan müasir iş şəraiti inzibati idarəetmə sisteminin daha təkmil təşkilinə və sakinlərin sosial problemlərinin vaxtında həllinə imkan verəcəkdir.
Rabitə evində yeni ATS quraşdırılıb, poçt xidməti təşkil olunub. Binada kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə və Yeni Azərbaycan Partiyası Gömür kənd ərazi ilk təşkilatı üçün də müasir iş otaqları ayrılıb. Hazırda bu kənddə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 82 üzvü vardır.
Əlverişli təbii şəraiti, geniş otlaq sahələri Gömürdə heyvandarlığın inkişafına səbəb olub. Kənd əhalisinin əksəriyyəti heyvandarlıqla məşğuldur. Ona görə də baytarlıq məntəqəsi üçün lazımi şərait yaradılıb. Bildirilib ki, baytarlar vaxtaşırı yerlərdə olur, yolxucu xəstəliklərə qarşı profilaktik tədbirlər görürlər. Baytarlıq xidmətinin düzgün təşkili kənddə heyvandarlığın inkişafına və keyfiyyətli məhsul istehsalına öz töhfəsini verəcəkdir.
Aparılan quruculuq tədbirləri zamanı kənd sakinlərinin asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzində saxlanılır. Bu məqsədlə kənd mərkəzində 5 mindən artıq fondu olan kitabxana və mədəniyyət evi istifadəyə verilib. Buradakı iclas zalında müxtəlif tədbirlər keçiriləcəkdir.
Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün də otaqlar ayrılıb. Burada ən müasir tibb avadanlıqları quraşdırılıb və məntəqə lazımı dərman preparatları ilə təmin edilib.
Ali Məclisin Sədri kənddə tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.
Gömür kənd tam orta məktəbinin binasında
yenidənqurma işləri aparılıb
Ötən ildən başlayaraq Gömür kənd tam orta məktəbinin binasında əsaslı yenidənqurma işləri aparılıb.
Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Gömür kənd tam orta məktəbinə gəlib, məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan məktəb binası 110 yerlikdir. Burada 2-si elektron lövhəli olmaqla 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter, şahmat otağı, kitabxana, hərbi kabinə, idman zalı və açıq idman qurğuları vardır. Məktəbin kitabxanasında 2266 kitab vardır. Ayrı-ayrı fənlərə aid dərsliklər, ensiklopediyalar, bədii ədəbiyyatlar məktəbdə kitabxana işinin günün tələbləri səviyyəsində təşkilinə imkan verir.
Yeni texnologiyaların tədris sisteminə tətbiqi müasir dövrün tələbinə çevrilib. Gömür kənd tam orta məktəbində də kompüter sinfi yaradılıb və kompüterlər internetə qoşulub.
Elektron lövhəli sinifdə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Cəmşid Naxçıvanskinin Naxçıvan şəhərindəki ev muzeyi arasında əlaqə yaradılıb, şagirdlər muzeylə virtual tanış olublar.
Sonra Ali Məclisin Sədri şahmat otağına baxıb, şagirdlərin bu idman növünə cəlbinin əhəmiyyətini vurğulayıb, məktəbdaxili şahmat yarışlarının keçirilməsi barədə tapşırıqlar verib.
Məktəbin laboratoriyaları ən müasir cihaz və avadanlıqlarla təchiz edilib. Şagirdlər keçirilən təcrübələrdə iştirak etməklə fizika, biologiya və kimya fənləri üzrə biliklərini daha da möhkəmləndirəcəklər.
Vətənpərvərlik tərbiyəsi gənclərin əsl vətəndaş kimi formalaşması üçün olduqca vacibdir. Məktəbdə müasir əyani vasitələrlə təchiz olunan hərbi kabinənin yaradılması bu sahəyə ayrılan diqqətin əyani ifadəsidir. Həmçinin Gömür kənd tam orta məktəbində geniş idman zalı və açıq idman qurğuları istifadəyə verilib.
Ali Məclisin Sədri sağlam gənc nəslin formalaşmasında bədən tərbiyəsi və idmanın rolunu qeyd edib, məktəbdə fiziki tərbiyə dərslərinin tədrisinə diqqəti artırmağı tapşırıb.
Sonra Ali Məclisin Sədri məktəbin müəllimləri ilə görüşüb.
Söhbət zamanı Ali Məclisin Sədri deyib ki, bu gün sərhəd yaşayış məntəqəsi olan Gömür kənd məktəbində müasir tədris şəraiti yaradılmışdır. Kənd məktəbi ilə şəhər məktəbləri arasında heç bir fərq yoxdur. Bu da ölkəmizdə kəndlərin inkişafına göstərilən qayğının daha bir ifadəsidir. Gömür kənd tam orta məktəbində müəllim tələbkarlığı və şagird çalışqanlığının olması ötən tədris ilində ali məktəblərə qəbulda yüksək nəticələrin qazanılmasına imkan vermişdir. Mövcud şərait gələcəkdə məktəbi bitirən gənclərin yaxşı ali təhsil almasına da imkan verəcəkdir. Hər bir gəncin gələcək həyat yolu məktəbdən başlayır. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsanın şüurlu həyatı, onun gələcəyi, onun cəmiyyətdə özünə yer tutması məktəbdən başlayır”. Ona görə də məktəbdə tədris günün tələbləri səviyyəsində qurulmalı, təhsilli gənclər yetişdirilməlidir.
Məktəbin müəllimi Zahid Aslanov minnətdarlıq edərək deyib ki, bu gün ən ucqar dağ kəndində belə müasir tədris şəraitinin yaradılması muxtar respublikada təhsil sahəsinin inkişafına göstərilən qayğının aydın təzahürüdür. Gömür kənd tam orta məktəbində elektron tədris imkanı yaradılıb, müasir kitabxana, geniş sinif otaqları və laboratoriyalar kollektivin istifadəsinə verilib. Bütün bunlar bilikli və vətənpərvər gəncliyin yetişdirilməsinə, sağlam gələcəyin təmin olunmasına xidmət edir. Bu işdə müəllimlərin də üzərinə böyük vəzifələr düşür. Buna görə də pedaqoji kollektiv səylə çalışacaq, nailiyyətləri daha da artıracaqdır.
Kənddə yeni xidmət mərkəzi tikilib
Muxtar respublikanın kəndlərində sakinlərin rahat yaşayışı üçün müasir sosial obyektlər tikilib istifadəyə verilir. Yeni yaradılan xidmət mərkəzləri bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Həmin gün Gömürdə də yeni Xidmət mərkəzinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Xidmət mərkəzinin açılışını edib, xidmətin təşkili ilə maraqlanıb.
Məlumat verilib ki, Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərir.
Xidmət mərkəzinin istifadəyə verilməsi sakinlərin öz işlərinə daha çox vaxt ayırmasına şərait yaradır. Çünki artıq bu mərkəz sayəsində əhalinin zəruri ehtiyaclarını ödənilməsi məqsədilə rayon və şəhər mərkəzinə üz tutmasına ehtiyac yoxdur. Sakinlər bütün növ məişət ehtiyaclarını öz kəndlərində ödəyə biləcəklər. Mərkəzdə 5 nəfər işlə təmin olunub.
Xidmət mərkəzi ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüş olub.
Ali Məclisin Sədri deyib ki, vaxtilə kənddə sakinlər üçün yeni yaşayış binaları tikilib istifadəyə verilmişdir. Bu gün isə kənd kompleks abadlaşdırılmışdır. Kəndin rahat yolu, müasir məktəbi, dövlət qurumları üçün yeni sosial obyektləri vardır. Görülən işlər kənddə əhalinin rahat yaşayışına hesablanmışdır. Gözəl təbii şəraiti kənddə turizmin inkişafına da geniş imkanlar açır. Hər bir sakin bu imkanlardan səmərəli istifadə etməli, təsərrüfatlar genişləndirilməli, bol məhsul istehsal olunmalıdır.
Kənd ağsaqqalı Saleh Səfərov deyib ki, bu gün Ulu Öndərin siyasi xəttinin davam etdirilməsi ölkəmizin hər bir bölgəsini tərəqqiyə qovuşdurub. Azərbaycan günü-gündən inkişaf edir, əhalinin həyat səviyyəsi yüksəlir. Kəndlərdə şəhər rahatlığı yaradılır. Gömür kəndinin müasir inkişafı da bunun ən yaxşı nümunəsidir. Bütün bunlar sakinləri hədsiz sevindirir, daha əzmlə çalışmağa ruhlandırır. Saleh Səfərov yaradılan şəraitə görə sakinlər adından minnətdarlıq edib.
* * *
Kənddə geniş abadlıq işləri aparılıb, kənddaxili 1400 metr yola asfalt örtük salınıb, yolboyu 482 metr uzunluğunda beton kanal çəkilib, 16 su keçidi qoyulub. Ağbulaq kəndindən Gömür kəndinədək 3600 metrlik, eləcə də kənddaxili 200 metrlik fiber-optik kabel, 1500 metrlik rabitə və 1400 metrlik elektrik xətləri çəkilib. Həmçinin 200 metr məsafədə qaz xətti, 1600 metr uzunluğunda içməli su xətti çəkilib, 2250 metrlik damcılı suvarma sistemi qurulub.
Sərhəd kəndləri etibarlı müdafiə
olunur
Muxtar respublikada aparılan ordu quruculuğu siyasəti ən ucqar mövqedə yerləşən hərbi birləşmələrdə xidmətin nümunəvi təşkil olunmasına imkan verir. Xalq-ordu birliyindən ruhlanan, dövlətin və xalqın dəstəyini daim öz üzərində hiss edən hərbi qulluqçular torpaqlarımızın keşiyində ayıq-sayıq dayanır, sərhəd yaşayış məntəqələrində yerləşən hərbi birləşmələrdə xidmət nümunəvi təşkil olunur.
Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov Gömür kəndindəki hərbi hissəyə gəlib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordusunun komandanı general-leytenant Kərəm Mustafayev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova raport verib.
Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb.
Sonra şəxsi heyət qarşısında çıxış edən Ali Məclisin Sədri deyib: Bu gün Azərbaycan sərhədləri etibarlı müdafiə olunur. Əsgərlərimizin şücaəti sərhədlərdə sabitliyin qorunmasına, torpaqlarımızın etibarlı müdafiəsinə təminat verir. Çətin dağlıq şəraitdə yerləşməsinə baxmayaraq, burada da sərhədlərimizin qorunmasında və xidmətin təşkilində hərbi nizamnamənin tələbləri pozulmur.
Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə şəxsi heyətə təşəkkür edib.
Qeyd olunmuşdur ki, muxtar respublikanın bütün bölgələrində xidmət edən əsgərlər üçün lazımi məişət və xidmət şəraiti yaradılmış, hərbi birləşmələr müasir silah-sursatlarla təmin olunmuşdur. Bu bölmənin şəxsi heyəti də Azərbaycan torpaqlarının bir hissəsini müdafiə edir. Əgər hər bir əsgər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirərsə, sərhədlərimiz etibarlı qorunar, sabitlik təmin olunar. Hərbi xidmətin nümunəvi təşkili, torpaqlarımızın etibarlı müdafiəsi Azərbaycanda həyata keçirilən quruculuq işlərinə təminat verir. Bu gün Gömür kəndində quruculuq tədbirləri həyata keçirilmiş, insanların rahat yaşayışı təmin olunmuşdur. Sərhəd kənd yaşayış məntəqələrində bu işlərin həyata keçirilməsi hərbi hissələrdə xidmətin nümunəvi təşkili və ərazinin etibarlı müdafiəsi nəticəsində mümkün olmuşdur.
Ali Məclisin Sədri şəxsi heyətə xidməti vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıb.
Əsgər Ülvi Hadıyev şəxsi heyət adından minnətdarlıq edərək deyib ki, ölkəmizdə ordu quruculuğu istiqamətində ardıcıl tədbirlər görülür. Azərbaycan əsgəri hərtərəfli qayğı ilə əhatə olunub. Hərbi hissələrdə xidmətin nümunəvi təşkili üçün lazımi şərait yaradılıb, şəxsi heyətin döyüş hazırlığı xeyli artırılıb. Əsgərlər torpaqlarımızın keşiyində ayıq-sayıq dayanıblar. Bu görüşlər də şəxsi heyətdə böyük ruh yüksəkliyi yaradır. Azərbaycan əsgəri bundan sonra da sərhədlərimizi etibarlı qoruyacaq, Vətənə ləyaqətlə xidmət edəcək.
Ali Məclisin Sədri xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edib, əsgər yataqxanasına baxıb, şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanıb.
Bildirilib ki, əsaslı şəkildə yenidən qurulan əsgər yataqxanası daimi istiliklə təchiz olunub, şəxsi heyət təmiz geyim və yataq dəstləri ilə təmin edilib. Hərbi hissənin anbarında da tələbata uyğun ərzaq və yanacaq ehtiyatı yaradılıb. Burada təlimlərin keçirilməsi, əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də lazımi şərait vardır.
Gətirilmiş ərzaq hərbi hissənin anbarına təhvil verilib.








