Şəmkir, 22 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi” mövzusunda yığıncaq keçirilib.
AZƏRTAC xəbər verir ki, yığıncağı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev açaraq görkəmli dövlət xadiminin xalqımız qarşısında göstərdiyi misilsiz xidmətlərdən danışıb.
Sonra Yeni Azərbaycan Partiyası fəallarından İlkin Musayev, mərkəzi rayon xəstəxanası baş həkiminin müavini Abdulla Rzayev, şəhər poliklinikası ərazi ilk partiya təşkilatının sədri Arif Sadıqov, Şəmkir Tarix Diyarşünaslıq Muzeyinin elmi işçisi İltimas İsmayılova və başqaları çıxış edərək, görkəmli dövlət xadimi Heydər Əliyevin son 40 ildə Azərbaycanda gördüyü işləri faktlarla diqqətə çatdırıblar. Bildiriblər ki, Ulu Öndər ötən əsrin 90-cı illərində xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə gələrək ölkəmizi parçalanmaq təhlükəsindən qurtardı, qısa vaxtda respublikamızı xaos və anarxiyadan xilas etdi.
Çıxışlarda o da vurğulandı ki, bu dahi şəxsiyyətin başladığı işlər bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz dövlətimizin başçısının apardığı daxili və xarici siyasət nəticəsində müstəqil respublikamız ən inkişaf etmiş dövlətlər sırasına çıxıb.
