Tehran, 22 aprel, AZƏRTAC
Azərbaycanın Xarici İşlər Nazirliyi Lozanna görüşündən sonra bəyanat yayaraq İran ilə Qərb dövlətləri arasındakı anlaşmanı müsbət qarşıladı və ədalətli mövqe tutaraq əldə edilən razılaşmanı regionun təhlükəsizliyi üçün müsbət hesab etdi. Bu mövqeyinə görə Azərbaycana təşəkkür edirik.
Bu fikirləri İranın Xarici İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mərziyyə Əfğam aprelin 22-də keçirdiyi ənənəvi brifinqdə deyib.
M. Əfğam qeyd edib ki, nüvə proqramı ilə əlaqədar aparılan danışıqlar davam etdiriləcək. Danışıqların müsbət nəticələnməsi İran ilə qonşu dövlətlərin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə böyük imkanlar yaradacaq.
İran Xarici İşlər Nazirliyinin rəsmisi deyib: “Regiondakı dostlarımızın rəsmi Tehranın nüvə texnologiyasından dinc məqsədlər üçün istifadə haqqına hörmətlə yanaşmaları və beynəlxalq qanunlar əsasında fəaliyyət göstərən ölkələrin təzyiqə məruz qalması ilə razılaşmamaları tədqirəlayiq haldır”.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran