Ağcabədi, 22 aprel, AZƏRTAC
Ağcabədi rayonunun Rəncbərlər kəndində inşa olunan soyuducu anbar kompleksi fermerlərin yetişdirdiyi meyvə-tərəvəz məhsullarını uzun müddət və itkisiz saxlamağa imkan verəcək. Bu da öz növbəsində, qeyri-mövsüm vaxtlarda bazarda yerli məhsulların satışını təmin edəcək.
AZƏRTAC xəbər verir ki, “Fidan” MMC tərəfindən yaradılan soyuducu kompleksdə tikinti işləri başa çatmaq üzrədir. Sahəsi 1,44 hektar olan kompleksin tikintisində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə edilib. 21 soyuducu kameradan ibarət kompleksin ümumi tutumu 5 min tondur. Burada quraşdırılan avadanlıqlar Türkiyədən gətirilib.
Soyuducu anbarın yaxın aylarda istifadəyə verilməsi nəzərdə tutulur. Kompleksin fəaliyyətə başlaması ümumilikdə bölgədə meyvəçiliyin və tərəvəzçiliyin inkişafına təkan verəcək.