Bakı, 22 aprel, Z.Mansurova, F.Şükürova, AZƏRTAC
Aprelin 22-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında tanınmış yazıçı-publisist, Milli Məclisin deputatı Aqil Abbas paytaxtda fəaliyyət göstərən bir sıra universitetlərin filologiya fakültələrinin tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “İmzalı görüş” layihəsi çərçivəsində keçirilən tədbirdə iştirakçılar əvvəlcə kitabxananın foyesində yazıçının kitablarından ibarət sərgi ilə tanış olublar.
Kitabxananın direktoru, əməkdar mədəniyyət işçisi Kərim Tahirov gənclərin və yeniyetmələrin kitabxanalara cəlb edilməsi məqsədilə keçirilən layihənin əhəmiyyətindən danışıb. Tanınmış yazıçılarla gənclərin görüşlərinin mütəmadi olaraq keçirildiyini bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli Aqil Abbas yaradıcılığından ana xətt kimi keçən vətənpərvərlik, milli təəssübkeşlik və yurdsevərlik keyfiyyətlərindən söhbət açıb. Yazıçının “Evləri köndələn yar”, “Batman qılınc”, “Ən xoşbəxt adam” və s. əsərlərində adi həyat hadisələrini ədəbiyyata köçürmək bacarığını, əsərlərində Qarabağın şirin ləhcəsini ustalıqla ədəbiyyata gətirdiyini bildirib.
Filologiya elmləri doktoru Vaqif Yusifli Qarabağ haqqında, xüsusilə könüllü batalyonların ölüm-dirim savaşından, elan olunmamış müharibənin gətirdiyi bəlalardan, əliyalın, taleyin ümidinə buraxılmış insanların yaşantılarından bəhs edən yazıçını sözü deməyi bacaran qələm sahibi kimi dəyərləndirib. Onun “Qarda açan qan çiçəyi”, “Çadırda Üzeyir Hacıbəyli doğula bilməz”, “Qiyamət gecəsi”, “Dolu” və s. əsərlərini ədəbiyyatımızın bugünkü uğuru adlandırıb.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in redaktoru Rəşad Məcid Aqil Abbasın yolunun davamçısı olaraq, ondan çox şey öyrəndiyini, sənətdə və həyatda hər an onun köməyini, dəstəyini duyduğunu söyləyib. Onun böyük ürəkli insan, səmimi dost olaraq insani xüsusiyyətlərindən söhbət açıb.
Tədbirdə yazıçı tələbələri maraqlandıran sualları cavablandırıb.
Gənclərin “Dolu” filmi haqqında suallarına cavab verən yazıçı deyib: “Mən ürəyim istədiyi sözü “Dolu”da deyə bilmişəm. Müharibə ilə bağlı demək istədiklərimi isə rejissor Elxan Cəfərov 1 saat 24 dəqiqəlik filmdə tamamilə əhatə edib”.
Xalqına, sənətinə, qələm dostlarına yüksək dəyər verən, gəncləri mütaliənin yüksək zövqünü duymağa çağıran yazıçı sonda öz imzası ilə kitablarını gənclərə hədiyyə edib.