Bakı, 22 aprel, AZƏRTAC 
Bakıda Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə MDB Dövlətlərarası Şurasının Elmi-texniki komissiyasının 49-cu və İnformasiya texnologiyaları üzrə işçi grupun 32-ci iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Özbəkistan, Qırğızıstan, Moldova, Ukraynanın standartlaşdırma üzrə milli orqanlarının, Standartlaşdırma, Metrologiya və Sertifikarlaşdırma üzrə Dövlətlərarası Şuranın və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak edirlər.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev standartlaşdırma sahəsində qurulmuş dövlətlərarası əməkdaşlıqdan, bu sahədə əldə olunan uğurlardan danışıb. S. Abdullayev bildirib ki, ölkəmizdə istehsal olunan məhsullar xarici bazarlarda layiqli yerini tutmaqdadır. Azərbaycanda azad sahibkarlığın inkişafı nəticəsində rəqabətqabiliyyətli mal və məhsulların istehsal həcmi artıb, müasir standartların tətbiqi ilə ticarətdə texniki maneələr aradan qalxıb. Dövlətlərarası Şura çərçivəsində bu sahədəki əməkdaşlığın xüsusi əhəmiyyəti var.
Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın məsul katibi Nikolay Soneç keçirilən iclasların ölkələrarası əlaqələrin inkişafı üçün önəmli olacağını vurğulayıb.
İclacda Elmi-Texniki Komissiyanın 49-cü iclası çərçivəsində Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, 2016-2020-ci illərdə standartlaşdırma üzrə aparılacaq işlərdə prioritetlərin təyini, dövlətlərarası standartlaşdırmanın inkişaf etdirilməsinin “Yol xəritəsi”, 2015-ci il üzrə yeyinti məhsullarının standartlaşdırılması üzrə iş planı və gündəlikdə qarşıya qoyulan digər cari məsələlər müzakirə edilib.
İnformasiya texnologiyaları üzrə işçi qrupun 32-ci iclası çərçivəsində isə Dövlətlərarası Şuranın fəaliyyətinin informasiyalaşdırılmasının inkişaf konsepsiyası, Şuranın informasiya təminatı sisteminin fəaliyyəti, üzv ölkələrin standartlaşdırma üzrə ekspertlərinin reyestrinin yaradılması və digər mövzularda müzakirələr aparılacaq.
Tədbir aprelin 24-dək davam edəcək.