Dubayda sosial şəbəkələrdə kontrafakt məhsullar yayan 4879 akkaunt və 30 sayt bağlanıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Dubay İqtisadi İnkişaf Departamentinin saxta məhsulların yayılmasına qarşı mübarizə planı çərçivəsində atdığı bu addım şəbəkədən vicdansız alverçilərin uzaqlaşdırılmasına, həmçinin brendlərin müdafiəsinə və Dubayın reytinqinin qorunub saxlanılmasına yönəldilib.
Departamentin intellektual mülkiyyət hüquqlarının müdafiəsi şöbəsinin rəhbəri İbrahim Behzad bildirib ki, hazırda sosial şəbəkələrdə mövcud olan akkauntlar kontrafakt məhsullar alveri edən bir çox fırıldaqçılar tərəfindən istifadə olunur. Onun komandası müasir texnologiyalardan sui-istifadə hallarının qarşısını almağa, Dubayın işgüzar reputasiyasının keşiyində durmağa davam edəcək. İ.Behzadın sözlərinə görə, "online" satılan kontrafakt mallar arasında hər cür məhsul, o cümlədən çantalar, ətriyyat, saatlar, kosmetika və s. var.
Departament piştaxtalarında saxta məhsullar satan mağaza və anbarları da bağlayıb. İ.Behzad istehlakçıları saxta mal almaqdan çəkinməyə, saxta mal aldıqda, yaxud belə malların satıldığı yerləri aşkar etdikdə, ya İstehlakçı Hüquqlarına Dəstək Mərkəzinə müraciət etməyə, ya da bu xidmətin "Instagram" və "Twitter" akkauntlarında yazmağa çağırıb.
Departamentin nümayəndəsi bildirib ki, 2017-ci ildə Dubayda 1 milyard dirhəmlik (270 milyon dollar) saxta məhsul müsadirə edilib.
Milli.Az