Bakı. 22 aprel. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadi İraqın şimal-qərb hissəsinə endirilən hava zərbələri zamanı ağır yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti öz mənbəsinə istinadən yazıb.
Qruplaşma ilə əlaqəli olan mənbənin sözlərinə görə, martın 18-də koalisiya qüvvələri tərəfindən endirilən hava zərbələri zamanı Əl-Bağdadi ağır yaralanıb, lakin tədricən onun vəziyyəti yaxşılaşmağa başlayıb.
Nəşrin yazdığına görə, İŞİD-in digər liderləri Əl-Bağdadinin öldüyünü hesab edərək bir neçə təcili görüş keçiriblər və görüşlər zamanı qruplaşmanın yeni rəhbərinin təyin edilməsini planlaşdırıblar.
"Bəli, o martın 18-də Umm-ər-Rus kəndi yaxınlığında yerləşən Əl-Bəyci şəhərində yaralanıb", - deyə İraq hökumətinin İŞİD ilə mübarizə məsələləri üzrə müşaviri Hişam əl-Haşimi məlumat verib.
O sosial şəbəkədə İŞİD liderinin yaralandıqdan sonra hələ də, çətinliklə bərpa olunduğunu yazıb.