Bakı, 21 aprel, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Nizami Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında “Breyn-rinq” intellektual yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanda müasir müstəqil, demokratik dövlətin qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıb. Deputat bildirib ki, müstəqil Azərbaycanın uğurları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib.
Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova çıxışında qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunu bu gün uğurla davam etdirən Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin əsas məqsədi ölkədə intellektual və kreativ gənclər formalaşdırmaqdır. O vurğulayıb ki, belə intellektual yarışların əsas məqsədi dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.
Çıxışlardan sonra yarış başlanıb.
Yarışda rayonun 22 məktəbini təmsil edən komanda mübarizə aparıb. Hər komandanın tərkibində beş nəfər gücünü sınayıb.
Olimpiya sistemi üzrə keçirilən yarışda komandalara ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə dair suallar verilib. Komandalar arasında rəqabət güclü olduğundan əlavə suallara ehtiyac yaranıb. Yalnız bundan sonra ilk üç yerin qalibləri müəyyənləşib.
Yarışın qalibi 10 nömrəli orta məktəbin şagirdləri olublar. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 227 və 129 nömrəli məktəblərin komandaları tutub.
Qalib komandaların üzvlərinə diplomlar və medallar təqdim edilib.